Atəşkəs zamanı azı 71 dinc sakin öldürülüb

Atəşkəs zamanı azı 71 dinc sakin öldürülüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Thameen Əl-Kheetan Livanda atəşkəsin qüvvəyə mindiyi 27 noyabr 2024-cü ildən bəri ən azı 71 mülki şəxsin İsrail əsgərləri tərəfindən öldürüldüyünü deyib. 

"Cebheinfo.az" xəbər verir ki, Əl-Kheetan bu qiymətləndirmələri BMT-nin Cenevrədəki ofisinin həftəlik mətbuat konfransında verib.

O, İsrailin Livandakı hücumlarının mülki vətəndaşların öldürülməsi və yaralanmasına və mülki infrastrukturun məhvinə davam etdiyini və bu vəziyyətin mülki şəxslərin müdafiəsi ilə bağlı narahatlıq doğurduğunu bildirib. 

“27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsdən bəri Livanda ən azı 71 dinc sakin İsrail əsgərləri tərəfindən öldürülüb”, - Əl-Kheetan bildirib.

Həyatını itirənlər arasında 14 qadın və 9 uşağın olduğuna diqqət çəkən Əl-Kheetan insanların qorxu içində olduğunu və 92 mindən çox insanın hələ də evlərinə gedə bilmədiyini vurğulayıb. 

Zorakılığın dərhal dayandırılmasının vacibliyini vurğulayan Əl-Khetan "Münaqişənin bütün tərəfləri ayrı-seçkilik, mütənasiblik və ehtiyatlılıq prinsipləri də daxil olmaqla beynəlxalq humanitar hüquqa hörmət etməlidir. Beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması ilə bağlı bütün iddialar dərhal, müstəqil və qərəzsiz araşdırılmalı və məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir",- deyib. 

Nigar Hacılı 
"Cebheinfo.az"