Zelenski Qara dənizlə bağlı keçirilən görüşün təfərrüatlarını açıqlayıb

İstanbulda keçirilən ikigünlük toplantıda Ukrayna, Fransa, Böyük Britaniya və Türkiyənin hərbi nümayəndələri Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə edirlər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyədə Qara dənizdə təhlükəsizlik məsələsi ilə bağlı hərbi görüş keçirilir. Bu, ilk növbədə, “arzu edənlərin koalisiyası”na, müvafiq addımlara aiddir. Orada Parisdə keçirilmiş sammitdə qərarlaşdırılmış Avropa nümayəndələri olacaq – bunlar Böyük Britaniya və Fransadır, Ukraynanın iştirakı məcburidir və Türkiyə də ev sahibidir”, - o deyib.
Zelenski əlavə edib ki, hərbçilər “arzu edənlərin koalisiyası” çərçivəsində görüşdə təhlükəsizlik məsələsi üzərində işləyirlər.
Xatırladaq ki, daha əvvəl Türkiyə Müdafiə Nazirliyi aprelin 15-16-da ölkənin Hərbi Dəniz Qüvvələrində bir sıra xarici ölkələrin hərbi nümayəndələrinin (hərbi attaşelərinin) iştirakı ilə iclas keçiriləcəyini açıqlamış, amma təfərrüatları dəqiqləşdirməmişdi. “TRT Haber” Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb ki, görüşdə Rusiya və Ukrayna arasında mümkün atəşkəs fonunda Qara dənizdə təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır. Bu kontekstdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dəniz minalarından qorunması üzrə işlərin davam etdirilməsi məsələlərinin müzakirəsi gözlənilir.
"Cebheinfo.az"