Rusiyada ilk: Hərbçiyə təslim olduğu üçün 15 il HƏBS

Bir rus hərbçisi Ukrayna ordusuna könüllü təslim olmaq ittihamı ilə ölkədə ilk dəfə olaraq həbs cəzasına məhkum edilib.
“Cebheinfo.az” xəbər verir ki, baş çavuş Roman İvanişinin rütbəsi də geri alınıb.
Rusiyanın "Kommersant" qəzetinin məlumatına görə, Rusiyanın Uzaq Şərq bölgəsindəki hərbi məhkəmə Ukrayna ordusuna könüllü təslim olmaq ittihamı ilə ölkənin ilk belə hökmünü çıxarıb.Baş çavuş Roman İvanişin rütbədən məhrum edilib və fərariliklə yanaşı, iki dəfə təslim olmağa cəhd göstərməkdə təqsirli bilinib.
"Kommersant" daha əvvəl İvanişinin 2023-cü ilin iyun ayında Ukraynanın şərqində ələ keçirildiyini və 2024-cü ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilən əsir mübadiləsi çərçivəsində Rusiyaya qaytarıldığını bildirib.
Qayıtdıqdan sonra Saxalin bölgəsində yerləşən motoatıcı briqadasının bazasına göndərilən İvanişin burada həbs olunub. Onun məhkəmə prosesi 17 martda qapalı şəkildə keçirilib və ictimaiyyətə proses barədə çox az məlumat verilib.
Yujno-Saxalinskdəki hərbi məhkəmə Roman İvanişini 15 il azadlıqdan məhrum edib. Prokurorlar isə onun üçün 16 il həbs cəzası tələb edib. İvanişin özünü təqsirsiz sayıb. Rusiya 2022-ci ilin sonunda könüllü təslim olma, fərarilik və hərbi xidmətdən imtinaya görə cəzaları sərtləşdirən qanun qəbul etmişdi.
Müharibə şəraiti, səfərbərlik və hərbi vəziyyət kimi hallar ağırlaşdırıcı amillər hesab olunur və daha sərt cəza tətbiq edilməsinə imkan yaradır.
Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin sentyabrında, Ukraynaya qarşı tammiqyaslı işğal başladıqdan bir neçə ay sonra qismən səfərbərlik elan edib. Həmin qərar hələ də rəsmi olaraq ləğv edilməyib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”