Azərbaycan İrəvanın təklifini RƏDD EDƏCƏK

Sülh sazişinin imzalanması kontekstində Azərbaycan Ermənistan konstitusiyasında ərazi iddialarının yer aldığını bəyan edir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, açıqlamasında “Hesab edirəm ki, bu məsələdə düzgün mövqe tutmaq üçün ilk növbədə Azərbaycanın bu məsələni bir sıra ekspertlərin düşündüyü kimi, sülh sazişini imzalamamaq üçün bəhanə kimi deyil, səmimi narahatlıq kimi qaldırması ehtimalından çıxış etməyə çalışmaq lazımdır.
Biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Buna görə də bildirməliyik ki, yalnız Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan konstitusiyasının mətninin rəsmi şərhini verə bilər, yəni Konstitusiya Məhkəməsi Ermənistan konstitusiyasında nələrin olduğunu və nələrin olmadığını rəsmi şəkildə deyə bilən orqandır”, - deyə qeyd edib.
Nikol Paşinyan “Azərbaycanın konstitusiyamızla bağlı mövqeyinin bəhanə deyil, səmimi narahatlıq olduğunu qəbul etsək, o narahatlığı aradan qaldırmağın ən təsirli yolu müqaviləni imzalamamaq yox, imzalamaqdır”, deyə əlavə edib.
Ermənistan Baş naziri iddia edib ki, sülh müqaviləsi imzalansa, narahatlıqlar aradan qalxacaq.
Xatırladaq ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas şərtidir.
Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında politoloq Elşən Manafov bildirib ki, Paşinyanın qeyri-səmimiliyi bir daha özünü qabarıq şəkildə biruzə verir:
“Paşinyan Azərbaycanın narahatlığı üçün əsas olan hadisələrin mahiyyətinə rəsmi İrəvanın vardığını və bu narahatlığın aradan qaldırılması üçün sülh müqaviləsinin imzalanmasını təklif edir.
Bu zaman Paşinyanın qeyri-səmimiliyi bir daha özünü göstərir. Əvvəla, məsələ rəsmi Bakının narahatlığında deyil, onun Ermənistana etimad etməməsində, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, etimadın 0 dərəcə olmasındadır ki, bunun da əsas səbəbi yenə də rəsmi İrəvanın danışıqlara münasibətdə sərgilədiyi mövqe, onun ikili siyasətidir.
Paşinyan rəsmi Bakıya sülh müqaviləsini imzalayıb, ratifikasiya etməyi, Ermənistanın əsas qanununda Azərbaycana ərazi iddiaları ilə bağlı məsələləri isə bu ölkədə keçiriləcək referendumun ixtiyarına buraxmağı təklif edir. Erməni cəmiyyətinin mütləq əksəriyyətinin millətçilik azarına mübtəla olduğu bir şəraitdə isə referendumda Azərbaycanı qane edəcək məsələlərin öz həllini tapacağına ümid etmək sadəlövhlük olardı”.
Elşən Manafov Ermənistanda keçiriləcək seçkilər nəticəsində hakimiyyətə gələcək radikal və millətçi dairələrin sülh müqaviləsinin şərtlərinə əməl edəcəyinə şübhə ilə yanaşır:
“Digər tərəfdən, referendumun 2027-ci ildə keçiriləcəyini nəzərə alsaq, Ermənistanda seçkilər nəticəsində hakimiyyətə gələcək radikal və millətçi dairələrin bu müddət ərzində sülh müqaviləsinin şərtlərinə əməl edəcəyi də inandırıcı görünmür. Bu isə müqavilənin gələcək hüquqi və siyasi əhəmiyyətini sual altına alır.
Nəhayət, Paşinyan konstitusiyanın şərhini Ermənistan Konstitusiya Məhkəməsinin öhdəsinə buraxmağı təklif edir. Lakin bu, Ermənistanın hüquq və siyasi istibleşmentinə etimadın olmadığı bir şəraitdə rəsmi Bakının bu təklifi qəbul etməyəcəyi birmənalıdır. Azərbaycanın mövqeyi bəllidir, ilk növbədə referendum keçirilməli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialardan hüquqi müstəvidə rəsmən imtina etməlidir. Yalnız bundan sonra sülh müqaviləsinin imzalanması və sərhədlərin denansifikasiyası keçirilə bilər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”