Daha bir ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxır - QƏRAR

Macarıstanın birpalatalı parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması ilə bağlı qanun layihəsini qəbul edib.
"Cebheinfo.az" xəbər verir ki, səsvermə parlamentin saytında canlı yayımlanıb və sənəd deputatların üçdə ikisindən çoxunun dəstəyi ilə keçib.
Sənədi parlamentə təqdim edən xarici işlər naziri Peter Siyarto bildirib ki, son illər Beynəlxalq Cinayət Məhkəməsi ciddi şəkildə siyasiləşib və bəzi dövlətlər onu beynəlxalq münaqişələrdə öz maraqlarını həyata keçirmək üçün bir alətə çeviriblər.
“Macarıstan hesab edir ki, beynəlxalq təşkilatlarda siyasətə və geosiyasi maraqlara yer yoxdur”, – deyə nazir vurğulayıb. Qeyd edək ki, rəsmi Budapeşt BCM-dən çıxmaq qərarını aprelin əvvəlində elan etmişdi. Bu qərar İsrailin Baş naziri Benyamin Netanyahunun Macarıstana səfəri ilə eyni vaxta təsadüf etmişdi.
Macarıstan hökuməti İsrailin radikal Fələstin təşkilatı HƏMAS-a qarşı apardığı mübarizəni açıq şəkildə dəstəkləyir. Xatırladaq ki, ötən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun Fələstin ərazisində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbsinə order vermişdi. Macarıstanın Baş naziri Viktor Orban isə bu qərarı “absurd və utancverici” adlandırmışdı.
Səbinə Uğur
"Cebheinfo.az"