Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir?

Lavrovdan İrəvanda avantürist açıqlama: Nazir nəyə işarə edir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı təxribatçı açıqlamalar verib. 

O, keçmiş “Dağlıq Qarabağ” probleminin nizamlanmasına dair danışıqları prosesinin unudulmuş bəzi detallarını açıqlayıb. Rusiyalı nazir qeyd edib ki, heç kim Rusiyanı günahlandıra bilməz. Çünki ən azı 20 il ərzində həm Prezident Putin, həm də sabiq prezident Medvedyev sülh danışıqları yolu ilə ədalətli yanaşmanı təmin edən həll yollarını təbliğ ediblər. 

Lavrovun sözlərinə görə, ilk addım kimi Azərbaycanın 7 rayonundan 5-dən imtina etmək, aralıq mərhələ kimi isə Kəlbəcər və Laçın rayonlarının saxlanılması, “Dağlıq Qarabağ”ın yekun statusu ilə bağlı qərarın uzun illər və mahiyyətcə gələcək nəsillərə saxlamaq təklif edilib. 

Nazir bildirib ki, baş verənlər kompromis təkliflərin rədd edilməsinin nəticəsidir. “Lakin formuldan imtina etmək hüququ həyata keçirilib”, - nazir əlavə edib. 

Qeyd edək ki, Sergey Lavrov 2011-ci ildə Rusiyanın ozamankı prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə irəli sürülmüş Kazan formulu adlanan “yol xəritəsi”ndən söz açıb. Həmin vaxt sözügedən təklif Azərbaycanın maraqlarına tam cavab verməsə də, Ermənistan 5 rayonu geri qaytaraqdan imtina etmişdi. 

Bu baxımdan, məsuliyyət Ermənistanın üzərinə düşür. Ancaq Lavrovun 14 il öncə mövcud olmuş və tarixin arxivinə qovuşmuş bir məsələni yenidən gündəmə gətirməsi anti-Rusiya əhval-rusiyyəsinin artdığı Ermənistan ictimai rəyini dəyişməyə hesablanmış siyasi avantüra hesab oluna bilər. 

Azərbaycanın 7 rayonunun işğaldan azad olunmasının 5-ci ili yaxınlaşır. Bu ilin sentyabr ayında isə Azərbaycanda erməni separatizminin tamamilə ləğvinin iki ili tamam olacaq. Artıq Ermənistan-Azərbaycan, “Dağlıq Qarbağ” münaqişəsi keçmişdə qalıb. 

Azərbaycanın ərazi bütövlüyü və işğaldan azad edilmiş bütün ərazilərdə dövlət suverenliyi bərpa edilib. Buna baxmayaraq, Lavrov postmünaqişə dövrünün reallıqlarından kənara çıxmaqla dolayısı ilə Rusiyanın vasitəçilik məsələsinin vacibliyini qabaratmağa çalışır. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında Lavrov regionun problemlərinin yerli və ən yaxın qonşu ölkələr tərəfindən həll edilməli olduğunu deyib. Bununla da rusiyalı nazir Azərbaycan-Ermənistan sülh danışıqlarının yenidən “Moskva platforması”na qaytarmağın zəruriliyinə işarə edib. 

Lavrovun bu baxımdan tarixə siyasi ekskursiya edərək “Dağlıq Qarabağ”ın statusu məsələsini yenidən gündəmə gətirməsi təsadüfi deyil. Görünür, Lavrov Rusiyanın vasitəçiliyi və ya iştirakı ilə sülh danışıqlarının keçirilməsinə Nikol Paşinyan hökumətinin razılıq verməsi müqabilində Qarabağdan könüllü köçmüş ermənilərin qaytarılması və “statusu” məsələsini qaldırmağa hazır olduğuna dair mesaj verir. 

Təbii ki, bu cür iddialar regiondakı mövcud geosiyasi konyukturla tamamilə ziddiyyət təşkil etdiyindən, inandırıcı görünmür. Amma Rusiya fəaliyyətsiz də olsa, ATƏT-in Minsk qrupunun həmsədri mandatına sahib olduğundan Ermənistanı siyasi orbitinə qaytarmaq üçün müəyyən ümidverici jestlər edir.

Bu da öz növbəsində, 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşan Ermənistan hakimiyyətinə daxili siyasi auditoriya ilə manipulyasiya etmək imkanı yaradır. Eyni zamanda, Rusiya xarici işlər nazirinin belə təxribatçı açıqlamaları Minsk qrupunun ləğvinə dair Azərbaycanın tələblərindən yayınmaq üçün Paşinyan hökumətinin əlini gücləndirir. 

Seçkilərdə revanşist müxalifət üzərində qələbə qazanmağa çalışan və siyasi reytinqi xeyli zəifləmiş Nikol Paşinyan Rusiyanın dəstəyini əldə etmək istəyir. Ona görə də perspektivdə Rusiya və Ermənistan arasında müşahidə olunan siyasi yaxınlaşmanın və bu cür avantürist açıqlamaların verilməsi istisna edilmir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”