Mask da Trampın tariflərinə qarşı çıxıb

Mask da Trampın tariflərinə qarşı çıxıb

ABŞ Hökumət Səmərəliliyi Departamentin rəhbəri, “Tesla” və “SpaceX” şirkətinin sahibi İlon Mask Prezident Donald Trampı ticarət tarifləri ilə bağlı mövqeyini yumşaltmağa inandırmağa çalışıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Washington Post” belə yazır.

Həftəsonu Mask “X” sosial media saytında Trampın ticarət siyasəti müşaviri və tariflər tərəfdarı Piter Navarronu tənqid edən bir neçə mesaj yerləşdirib.

Qəzetin yazdığına görə, Mask Trampla birbaşa əlaqə saxlayıb, lakin bu danışıqlar uğurla başa çatmayıb. 

Aprelin 7-də ABŞ Prezidenti Çini Vaşinqtonun tariflərinə tətbiq etdiyi cavab tədbirlərini ləğv etməsə, Çindən idxalı olunan mallara əlavə 50 faizlik gömrük rüsumunu tətbiq etməklə hədələyib.

Mask isə Nobel mükafatçısı, iqtisadçı Milton Fridmanın azad bazarların əhəmiyyətini izah edən videosunu yayımlayıb.

“The Washington Post” qeyd edir ki, Tramp və Mask arasında rüsumlarla bağlı mövqe fərqləri bu günə qədər Prezidentlə müşaviri arasında ən çox görünən münaqişədir. 

Nəşr bildirir ki, Mask Trampın prezidentliyinin ilk dövründə, “Tesla” şirkəti Çindən avtomobil idxalı tariflərinə məhkəmədə etiraz etməyə çalışarkən qarşı çıxıb.

Adıçəkilən qəzetin mənbələri bildirirlər ki, seçki kampaniyası zamanı Trampın namizədliyini dəstəkləyən iş adamlarının çoxu ABŞ Prezidentinin bu cür yüksək tariflər tətbiq etmək qərarından heyrətə gəliblər.

Nəşrin məlumatına görə, Trampın tərəfdarları arasından bir qrup iş adamı daha mötədil ticarət siyasəti üçün lobbiçilik edəcək qeyri-rəsmi qrupun yaradılması üzərində işə başlayıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”