Mask Trampdan rüsumlara yenidən baxmağı xahiş edib

Mask Trampdan rüsumlara yenidən baxmağı xahiş edib

Amerikalı milyarder, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Prezidenti Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal rüsumlarına yenidən baxmağı xahiş edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı “Washington Post” öz mənbələrinə istinadən yayıb.

Nəşrin yazdığına görə, biznesmenin ABŞ administrasiyasının prioritet fəaliyyət sahələrindən biri ilə razılaşmaması prezidentlə onun əsas müşavirlərindən biri arasında ən səs-küylü fikir ayrılığına çevrilib.

Milyarder miqrant vizası və DOGE-nin hökumət xərclərinə yanaşması kimi məsələlərdə Vaşinqton administrasiyasının digər yüksəksəviyyəli rəsmiləri ilə razılaşmır.

Qəzet şənbə günü iş adamının Amerika liderinin ticarət və istehsal üzrə baş müşaviri, tariflərin tətbiqi planının hazırlanmasında əsas rol oynayan Piter Navarronu tənqid etdiyini xatırladıb. Belə ki, Mask “X” hesabında Navarroya eyham vuraraq yazıb:

“Harvarddan iqtisadiyyat üzrə doktorluq dərəcəsi pisdir, yaxşı deyil”.

Bununla yanaşı, o bildirib ki, həm Avropa, həm də ABŞ ideal olaraq, sıfır rüsum siyasətinə keçməlidir. Mask insanların Avropa ilə ABŞ arasında sərbəst hərəkət etmələrini və istədikləri təqdirdə hər iki ölkədə işləmələrini istədiyini deyib:

“Bu, əlbəttə ki, mənim prezidentə məsləhətim idi”.

"Cebheinfo.az"