Trampa etiraz: “Audi” satışı dayandırdı

Trampa etiraz: “Audi”  satışı dayandırdı

Almaniyanın avtomobil nəhəngi “Volkswagen”in lüks avtomobil markası “Audi” ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi əlavə gömrük rüsumlarına etiraz olaraq, ABŞ-yə avtomobil tədarükünü müvəqqəti dayandırıb. 

“Cebheinfo.az” xəbər verir ki, Tramp 27 mart tarixində verdiyi açıqlamada, ABŞ-də istehsal olunmayan avtomobillərə 25 faiz gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib.

Almaniyanın "Automobilwoche" avtomobil jurnalının xəbərinə görə, “Audi” şirkəti bu qərardan sonra ABŞ-dəki dilerlərinə məktub göndərib.

Məktubda bildirilir ki, 2 apreldən sonra ABŞ-yə daxil olan bütün “Audi” avtomobilləri müvəqqəti olaraq saxlanılacaq və dilerlərə çatdırılmayacaq.

Həmçinin, dilerlərdən mövcud stoklarını azaltmağa fokuslanmaları istənilib.

“Audi”-nin ABŞ-də zavodu yoxdur. Şirkət burada satdığı bütün avtomobilləri xaricdən gətirir. 

ABŞ-də ən çox satılan Q5 modeli Meksikadakı Audi zavodunda istehsal olunur. Digər modellər isə Almaniya, Macarıstan və Slovakiyadakı zavodlardan göndərilir.

Alman mətbuatında yayılan məlumatlara əsasən, “Audi”-nin ana şirkəti olan “Volkswagen” də Meksikadan və limanlardan qatarla avtomobil tədarükünü müvəqqəti olaraq dayandırıb. Şirkət qiymətləndirmə məsələsində bu ayın ortalarına qədər dəqiqlik əldə etməyi gözləyir. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”