Ömürlük həbsdə olan yazıçıya mükafat verildi

Ömürlük həbsdə olan yazıçıya mükafat verildi

Fələstinli məhbus yazıçı Bəsim Hendekçi "Göyün rəngində bir maska" romanı ilə ərəb dünyasının aparıcı ədəbi mükafatı, "Arabic Booker" kimi tanınan 17-ci Beynəlxalq Ərəb Romanı Mükafatını qazanıb. 

"Cebhe.info" xəbər verir ki, Beynəlxalq Ərəb Romanı Mükafatının saytında yer alan açıqlamada BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən tədbirdə qalibin elan edildiyi bildirilib. Açıqlamada Hendekçinin kitabının 133 əsər arasından "2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər nəşr olunan ən yaxşı roman" seçildiyi bildirilib. 

Hendekçi adına mükafatı romanın nəşr olunduğu “Dar Əl-Ədəb” nəşriyyatının sahibi Rana İdris alıb. Fələstin Məhbuslar Dərnəyinin verdiyi yazılı açıqlamada Hendekçinin 2 noyabr 2004-cü ildə işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhərində saxlanıldığı və 3 dəfə ömürlük həbs cəzasına məhkum edildiyi açıqlanıb. Qeyd olunub ki, Hendekçi həbs olunmazdan əvvəl Nablusdakı En-Najah Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Açıqlamada Hendekçinin həbsdə olduğu müddətdə 2 şeir kitabı, çoxlu roman və 250 məqalə yazdığı, bəzi əsərlərinin fransız dilinə tərcümə edildiyi bildirilib. Bildirilib ki, roman Beynəlxalq Ərəb Romanı Mükafatına namizəd göstərildikdən sonra İsrail mediasında kitaba qarşı qarayaxma kampaniyası başlayıb. 

Hendekçinin mükafatlı romanı Ramallahdakı qaçqın düşərgəsində yaşayan arxeoloq Nurun bir israilliyə aid paltonun cibində tapdığı “mavi şəxsiyyət”lə israillilərlə qarışması və arxeoloji qazıntılara qatılaraq yaşadıqlarından bəhs edir. 

Nigar Hacılı 
"Cebhe.info"