Kasıblara avtomobil almaq qadağan olunur?

Kasıblara avtomobil almaq qadağan olunur?

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd edilib ki, istismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Nazirlər Kabinetinin bu qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur.Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.

Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir: 2 ilə qədər olan minik avtomobilləri 2%; 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3%; 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9%.

Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80 %-dən çoxdur.

Bildirilib ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. 1 yanvar 2022-ci ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.

Nazirlər Kabinetinin 94 №-li qərarı dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Qeyd edək ki, bu gün ölkədə avtomobil sayı çox olsa da, bu da bir faktdır ki, yeni avtomobillər baha qiymətə olduğu üçün əhalinin heç də hamısı onları əldə edə bilmir.

Yəni köhnə avtomobillər əsasən “ikinci əl” hesab edilir və daha ucuz qiymətə olduğu üçün maddi imkanı məhdud olan vətəndaşlar həmin avtomobilləri istehlak edirlər. Ancaq yeni qərarla yaşı 10 ildən çox olan avtomobillərin gətirilməsi məhdudlaşdıqda imkansız şəxslər üçün avtomobil heç də əlçatan olmayacaq.

Elektrik avtomobilləri, eləcə də istehsal ili aşağı olan avtomobilləri də ala bilməyəcəklər. Belə olduğu təqdirdə Azərbaycanda yalnız imkanlı şəxslər avtomobil sahibi olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, əslində həmin qərarın dünyada gedən trendlərə paralel olduğunu söyləmək olar:

“Hökumət də bunu ekoloji məsələlərlə izah etməyə çalışır, yeni avtomobillərin havanı daha az çirkləndirdiyini önə çəkir. Bu qərar nəticəsində köhnə avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulur, yəni daxildə mövcud olanlar hələ istifadə də olacaq. Faktiki olaraq bu da avtomobillərin qiymətinin artmasına səbəb olacaq. Məsələn, istər-istəməz 2008-2012-ci il istehsalı olan avtomobillərin bazarda qiyməti artacaq. Ancaq bu qadağalarla qarşıya qoyulan məqsədə çatmaq mümkün deyil. Elektrik avtomobillərlə bağlı qəribə qərar verildi ki, son 3 ildə istehsal olunanlara güzəştlər tətbiq olunur, onlar müəyyən vergilərdən, ƏDV-dən azad olunur. Ancaq məntiqlə 3 illik elektrik avtomobillərlə 5 illik eynidir.

Yəni işləmə prinsipi eynidir, heç bir ziyan vurmur, 8 il bundan öncə istehsal olunan da ekologiyaya ziyan vurmur. İl fərqi daxili yanma mühərriki olan avtomobillərdə keçərlidir. Azərbaycanda bununla bağlı “azərbaycansayağı” yanaşma ortaya qoyublar və bunu illə mədudlaşdırırlar. Ən azından 10 il istehsalı olan elektrik avtomobillərinin güzəştlə ölkəyə gətirilməsinə şərait yaradılmalıdır ki, avtopark yenilənsin, həmçinin ekoloji məsələlərə müsbət təsiri olsun.

İkincisi, bir tək qadağalarla da avtoparkı yeniləmək mümkün deyil, bunun stimullaşdırıcı addımları da olmalıdır. Məsələn, Nazirlər Kabineti qərar verə bilər ki, son 5 ildə istehsal olunanlar ölkəyə gətirilirsə, gömrük rüsumları, ƏDV-də 25 faiz güzəşt olunacaq.Son 3 ildə istehsal olunanlara 50 faiz, bu il istehsal olunanlara 75 faiz güzəşt olunacaq. Yəni bu güzəşt sistemi də olmalıdır ki, vətəndaşlarda stimul yaransın və nəticə etbarilə yeni avtomobillərin ölkəyə gətirilməsində pozitiv dinamika yaransın.

Bu gün yeni avtomobillərin baha olmasının səbəbi, yalnız xarici bazarda bu avtomobillərin baha olması ilə əlaqədar deyil, daxildəki vergi və gömrük rüsumları o qədər çoxdur ki, istehsalçı ölkələr belə, bir avtomobildən Azərbaycan qədər pul qazanmırlar. Ona görə də bu məsələlərdə stimullaşdırıcı addımların atılmasına ciddi ehtiyac yaranır”.

Nigar Abdullayeva
Cebhe.info