Ağsuda ekskavatora sığınanları sel apardı: Ölən var - YENİLƏNİB

Ağsuda ekskavatora sığınanları sel apardı: Ölən  var - YENİLƏNİB

Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər.

Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.

Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.

Hazırda hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində həlak olan 1982-ci il təvəllüdlü Ayətullayev Pərviz Qəni oğludur.

Eskalatordan sağ çıxarılan şəxslər Qazax rayonu Yuxarı Salahlı kənd sakini Abdullayev Bəxtiyar Nəsib oğlu, Cəbrayıl rayonu Niyazi qullar kənd sakini Salahov Elnur Məhəmməd oğlu və Gədəbəy rayonu Çiçəkli kend sakini Qasımov Bəxtiyar Fazil oğludur.

"Cebheinfo.az"