Xəstəxanada qadını bıçaqlayan şəxs cəzadan azad edildi

Xəstəxanada qadını bıçaqlayan şəxs cəzadan azad edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Natiq Qubadovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Cebheinfo.az" Pravda.az-a istinadən xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Natiq Qubadov barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

İttihama görə, hadisə 16 mart 2024-cü il tarixdə, saat 09:30-da Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında qeydə alınıb. Bakı şəhərində yaşayan Natiq Qubadov əvvəllər tanıdığı qadın - N.M.-in kart hesabına yüklədiyi pul vəsaitlərinin geri qaytarılması ilə bağlı paytaxtdan Daşkəsən rayonuna gəlib. O, xəstəxanada həmin xanımı axtarmağa başlayıb.

N.M.-in anası, zərərçəkmiş M.M. də həmin xəstəxananın poliklinika şöbəsində təsərrüfat işçisi vəzifəsində çalışır. Bu zaman onlar qarşılaşıblar və M.M. ona oraya gəldiyinə görə irad bildirib. Onlar arasında mübahisə yaranıb.

Nəticədə Natiq Daşkəsən RMX-nin inzibati binasında üzərində gəzdirdiyi mətbəx bıçağı ilə M.M.-ə qəsdən üç dəfə zərbə vuraraq, ona ağır bədən xəsarətləri yetirib. Hadisədən sonra Natiq Qubadov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin valideyni məhkəmədə ifadəsində bildirib ki, oğlu Bakı şəhərində yerləşən "Meyvəli" bazarında günəmuzd fəhləlik edərək özünü dolandırıb.

Natiq psixi xəstəliyi ilə əlaqədar Salyan rayonu, Şorsulu kəndində yerləşən ruhi əsəb dispanserində və Bakı şəhəri, Sabunçu rayonunda yerləşən xəstəxanada stasionar müalicə alıb və 3-cü qrup əlildir.

"Cebheinfo.az"