Ermənistanla Rusiyanın ticarəti 16 milyarda çata bilər
2024-cü ilin sonuna kimi Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 14-16 milyard dollar arasında dəyişə bilər.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Baş nazirininin müavini Aleksey Overçuk Ermənistan-Rusiya hökumətlərarası komissiyasının İrəvanda keçirilən iclasında belə deyib.
Onun sözlərinə görə, ölkələr arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və bütün sahələri əhatə edir.
2023-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 55,8 faiz artaraq 7,4 milyard dollara çatıb.
2024-cü ildə bu rəqəm ilk altı ayda artıq 8,4 milyard dolları ötüb.
Rusiya mediası müqayisə üçün qeyd edir ki, 2020-ci ildə ticarət dövriyyəsi cəmi 2,3 milyard dollar təşkil edib. Son göstəricilər qarşılıqlı ticarətin sürətli artımını göstərir.
Overçuk həmçinin qeyd edib ki, Ermənistanın 2015-ci ildə Avrasiya İqtisadi Birliyinə qoşulması ölkə iqtisadiyyatının artımına əhəmiyyətli təkan verib:
“Bu isə adambaşına düşən ÜDM-in 2,3 dəfə artmasına səbəb olub”.
Qeyd edək ki, son iki ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin sürətlə artması iki ölkənin gizli ticarət əməliyyatları ilə izah olunur.
Belə ki, sanksiyalara məruz qalaraq Avropa bazarlarına çıxa biməyən Rusiya şirkətlərinin Ermənistan üzərindən alqı-satqı prosesi həyata keçirdiyi bildirilir.
Ticarət əməliyyatlarında xüsusilə qızıl və brilliant kimi qiymətli daş-qaşların Ermənistan istehsalı adı ilə xarici bazara çıxarıldığına dair məlumatlar var.
Bundan başqa, Ermənistanın tərkibində mikrociplərin olduğu məişət avadanlıqlarının yerli tələbatdan artıq sifariş etdiyi, həmin malları gizli yolla Rusiyaya ötürdüyünə dair faktlar ortaya çıxıb.
Sonralar həmin mikrociplər Rusiyanın Ukraynada istifadə etdiyi silahlarda aşkar edilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”