Son 5 ildə müdafiə xərcləri 2 dəfəyədək artırılıb

2024-cü ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 6562,2 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü illə müqayisədə 707,4 milyon manat və ya 12,1 faiz çoxdur.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində öz əksini tapıb.
Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 228,5 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi sahəsinə dövlət büdcəsi xərclərinin 8,1 faizi həcmində və ya 3038,3 milyon manat vəsait yönəldilib ki, bu da 2023-cü illə müqayisədə 110,5 milyon manat və ya 3,8 faiz çoxdur.
Dövlət büdcəsinin vəsaiti hesabına 40650 nəfər şəxsə hüquqi yardımın göstərilməsi üçün hesabat ilində dövlət büdcəsindən 5,5 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü illə müqayisədə 0,5 milyon manat və ya 10,0 faiz çoxdur.
2024-cü ilin dövlət büdcəsinin məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan əlavə daxil olmuş vəsaitlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 266,4 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 26,8 milyon manat və ya 11,2 faiz çoxdur.
Ümumiyyətlə son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə müdafiə, milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,7 faiz-bənd, mütləq ifadədə isə 3790,7 milyon manat və ya 1,7 dəfə artıb.
"Cebheinfo.az"