Deputat: “Xocalı soyqırımı qurbanlarının qisası alınıb”

Deputat: “Xocalı soyqırımı qurbanlarının qisası alınıb”

Yanvarın 29-da Yeni Azərbaycan Partiyasının Nərimanov rayon şöbəsində sözügedən partiyanın Xocalı rayon şöbəsinin fevralın 7-ə nəzərdə tutulan növbədənkənar prezident seçkiləri ilə bağlı tədbiri keçirilib.

“Cebhe.info” xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Xocalı rayon şöbəsinin sədri Vahid Əliyevin sədrlik etdiyi tədbirdə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocəvənd Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Elman Məmmədov və Xankəndi şəhərindən olan keçmiş məcburi köçkünlər iştirak ediblər.

Elman Məmmədov çıxışında işğal altında olmuş torpaqların məhz Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi, Azərbaycan Qrdusunun qüdrəti və gücü hesabına azad olunduğunu, dövlətimizin və xalqımızın Zəfərinin daim yaddaşlarda qalacağını vurğulayıb.

Deputat bildirib ki, növbədənkənar prezident seçkiləri Azərbaycan dövlətinin inkişafında daha da əhəmiyyətli və mühüm rol oynayacaq:

“Müstəqillikdən bəri ilk dəfədir ki, Azərbaycanın bütün ərazilərində prezident seçkiləri keçiriləcək. Bunun çox böyük siyasi əhəmiyyəti var. İşğal dövründə Azərbaycanda seçkilər keçiriləndə, ermənilər bizə deyirdilər ki, bu seçkilərin Qarabağa heç bir aiddiyyəti yoxdur və bu ərazi bizim nəzarətimizdədir. Hazırda Azərbaycan Ordusu həm İkinci Qarabağ müharibəsində, həm də birgünlük antiterror əməliyyatlarında ölkəmizin bütün Qarabağ üzərində suverenliyini və yurisdiksiyasını bərqərar edib. Nəticə etibarı ilə qarşıda gözlənilən növbədənkənar prezident seçkiləri və bundan sonrakı seçkilərin azad olunan torpaqlar da keçiriləcəyinə şahidi olacağıq.

Qarşıdakı dövrdə Azərbaycan daha da inkişaf edəcəkdir, ölkəmizdə iqtisadi inkişafın və sosial rifahın təmin olunması üçün islahatlar həyata keçiriləcəkdir. Həyata keçirilməsi nəzərdə tutulan bütün seçkilər Azərbaycanın möhkəmlənməsinə və ölkəmizin müstəqilliyinin əbədi saxlanılmasına yönəlib”.

E.Məmmədov qeyd edib ki, Azərbaycan Ordusu Xocalı soyqırımı qurbanlarının qisasını alıb:

“Şəhidlərimizin qanı yerdə qalmadı. Xocalıda erməni cəlladları tərəfindən vəhşicəsinə öldürülən qadınlarımızın, uşaqlarımın və körpələrimizin qısası artıqlamısı ilə alınıb. Həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsində nə qədər şəhid vermişiksə, onların hamısının qisası alınıb. Azərbaycan Ordusu düşməni diz çökdürməklə öz gücünü və qüdərətini dünyaya nümayiş etdirdi. Ordumuz hər zaman döyüşə hazır vəziyyətdə olub və bundan sonra da belə olacaq. Məhz Azərbaycan Ordusunun qələbəsi regionda sülhü və sabitliyi bərqərar edib. 

Sülh istəyirsənsə, döyüşə hazır olmalısan. Əgər bir dövlətin güclü ordusu yoxdursa, onun müstəqilliyi və mövcudluğu hər an təhlükə altında ola bilər. Bu bütün ölkələr üçün vacib bir məsələdir. Regionun lider dövləti Azərbaycandır, regionda ən güclü orduya malik olan dövlət də Azərbaycandır. Bizim Ordumuz hər zaman güclü və qüdrəti olmalıdır. Yalnız bu, xalqımızın dinc və rahat şəkildə yaşamasına imkan verəcək”.

Yunis Abdullayev
“Cebhe.info”