"Azərbaycana indiki kimi təzyiq olmayacaq, əgər..." - MÜSAHİBƏ

"Azərbaycana indiki kimi təzyiq olmayacaq, əgər..." - MÜSAHİBƏ

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərinə qısa müddət qalmış ermənilərin müdafiəsinə qalxıb.

Tramp “Truth” sosial şəbəkəsində cəfəng ifadələrlə iddia edib ki, xristian ermənilər guya Qarabağdan “kütləvi şəkildə və zorla” köçürülərkən vitse-prezidenti postunu tutan Kamala Harris heç nə etməyib.

“120 min erməni xristian “Artsax”dan məcburi köçkün düşəndə Kamala Harris heç nə etməyib. Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün çalışacağam və biz Ermənistanla Azərbaycan arasında sülhü bərqərar edəcəyik”, – deyə Tramp bildirib.

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov "Cümhuriyət" qəzetinin suallarını cavablandırıb. 

"Cebheinfo.az"  müsahibəni təqdim edirik:

- Donald Trampın öz seçki kampaniyasında xristian təşəbbüskeşliyi erməni lobbisinin dəstəyini qazanmağa yönəlib?

- Həm Tramp, həm də Harris erməni lobbisinin dəstəyini qazanmağa çalışırlar. Hazırda nə Donald Trampın, nə də Kamala Harrisin seçki ərəfəsində ayrı-ayrı qruplara yönəlik bəyanatlarına o qədər ciddi əhəmiyyət verməmək lazımdır. Hər iki namizəd ölkədəki müəyyən qrupların dəstəyini əldə etmək üçün bu cür bəyanatlarla çıxış edir.

Məhz Kamala Harris aktiv şəkildə yəhudi icması tərəfindən dəstəklənir. Son sorğuların nəticələrinə görə, yəhudi icmasının 70 % -i bu seçkilərdə Harrisə səs verəcək. Buna görən Donald Tramp müvafiq bəyanatlarla çıxış etmək məcburiyyətində qalıb. O bəyan edir ki, Harrisin hakimiyyətə gələcəyi təqdirdə İsrailin mövcudluğu təhlükə altına düşəcək.

Eyni zamanda, Kamala Harris anti-İsrail mövqeyi ilə seçilən müsəlman icmaların da dəstəyini qazanmağa çalışır. O, müsəlman icmaların biri ilə görüşdə İsraili Qəzzada fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham etmişdi. Baxmayaraq ki, Harrisin həyat yoldaşı yəhudi lobbisində kifayət qədər tanınmış bir şəxs hesab olunur. 

- Trampın prezident seçiləcəyi təqdirdə ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesində və Cənubi Qafqaz siyasətində hansı dəyişikliklər gözlənilə bilər?

- Hazırda Kamala Harris ermənilərlə bağlı oxşar mövqe sərgiləyir. Məhz Harris ermənipərəst siyasətçidir və uzun illər ermənilərin mövqeyini dəstəkləyib. Əgər Harris ABŞ-nin prezidenti seçilərsə, o, ermənipərəst mövqeyini davam etdirəcək. Erməni lobbisi ilə geniş təmaslara malik olan demokratların Azərbaycana münasibəti birmənalı deyil. 

Tramp yenidən hakimiyyətə gələcəyi təqdirdə ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesi və Cənubi Qafqaz ilə bağlı xarici siyasətində müəyyən dəyişikliklər gözləniləndir. Tramp çox yaxşı bilir ki, Vaşinqton Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etmək üçün Azərbaycanla normal münasibətləri qoruyub saxlamalıdır. Tramp istəsə də, istəməsə də, Azərbaycanla əməkdaşlıq etmək məcburiyyətində olacaq. 

- Bayden administrasiyası kimi Tramp da könüllü gedən ermənilərin Qarabağa qaytarılması üçün təzyiqlərə cəhd edə bilər?

- Zaman-zaman ABŞ insan hüquqları bəhanəsi ilə Azərbaycana təzyiqlər edib. İndi də bu məsələdə Qarabağ ermənilərindən alət kimi istifadə etməyə çalışır. Trampın ermənilərə yönələn statusunu erməni icmasında parçalanmaya nail olmaq cəhdi kimi qiymətləndirmək lazımdır. 

ABŞ-dəki ermənilərin əksəriyyəti hər zamankı kimi bu seçkilərdə də demokratların namizədinə səs verəcəklər. Tramp bu cür statuslar və bəyanatlarla erməni kartını Harrisin əlindən almaq istəyir. 

Nəzərə almaq lazımdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi Trampın hakimiyyəti dövründə baş verib. O zaman Trampın özü və onun administrasiyasının rəsmiləri sadəcə bəyanatlarla çıxış edirdilər. Yenidən hakimiyyətə gələrsə, eyni hal davam edəcək. Trampın növbəti hakimiyyəti dövründə Azərbaycana indiki kimi təzyiqlər olmayacaq. 

Yunis Abdullayev
"Cebheinfo.az"