Natiq Cəfərli: “Seçkidə İlqar Məmmədov da olmaqla azı 25 nəfər...”- MÜSAHİBƏ

Natiq Cəfərli: “Seçkidə İlqar Məmmədov da olmaqla azı 25 nəfər...”- MÜSAHİBƏ

“İlqar Məmmədov parlament seçkilərində yenidən deputatlığa namizəd olacaq”.

Bunu Respublikaçı Alternativ Partiyasının (ReAL) icraçı katibi Natiq Cəfərli “Cebhe.info”-ya müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Natiq bəy, ReAL Partiyasının sədri İlqar Məmmədov deputatlığa namizəd olacaq?

- ReAL Partiyası həmişə seçkilərdə iştirakı təbliğ edir. Biz parlament seçkiləri ilə bağlı hələ dekabr ayında seçki qərargahı yaratmışıq. Bu günə qədər seçki qərargahının 14 toplantısı keçirilib. ReAL Partiyasının sədri İlqar Məmmədov və Siyasi Komitənin bütün üzvləri deputatılığa namizəd olacaq. Namizədliklərin hansı dairədən irəli sürülməsi isə hələ dəqiq deyil. Lakin seçkilərə bir müddət qalmış dairələrlə bağlı daha detallı məlumat verəcəyik.

- Partiyanız parlament seçkilərində neçə nəfərlə mübarizə aparacaq?

- Namizədlərimizin böyük hissəsi müəyyənləşib, amma proses davam edir. Artıq partiyamızın dəqiqləşən 17 namizədi var. Həmçinin, müraciət edənlərin sayı da bir o qədərdir. Onlarla bağlı da iş gedir. Müşahidəçilik institutunun yaradılması ilə bağlı 5 treninq keçirmişik. Hərəsində də 25-30 nəfər iştirak edib. Yəni biz ciddi şəkildə hazırlaşırıq. Hansı namizədin hansı dairədən irəli sürülməsinin daha uyğun olduğuna baxacağıq. Hazırda ən azı 25 nəfərin namizəd olması gözlənilir.

- Bəs parlamentdə neçə nəfər deputatla təmsil olunmağı hədəfləyirsiniz?

- Bu, seçicidən asılıdır. Bunu indidən hansısa formada proqnozlaşdırmaq mümkün deyil. Amma hədəfimiz parlametdə böyük təmsilçilik qazanmaqdır. Həmçinin, parlamentdə ikinci partiya olmaq istəyirik.

- ReAL Partiyası bələdiyyə seçkiləri ilə bağlı çalışmalara da başlayıb?

- Bələdiyyə seçkiləri ilə bağlı artıq işçi qrupu yaratmışıq. Bunlarla daha çox gənclər təşkilatı məşğul olur. Bakı, Sumqayıt, Mingəçevir və Gəncə kimi şəhərlərdə bələdiyyə seçkilərində aktiv iştirak edəcəyik.

- Partiyanızın parlament və bələdiyyə seçkilərində məşhur şəxslərin namizədliyini irəli sürmə ehtimalı var?

- Bununla bağlı 2020-ci ildə keçirilən parlament seçkilərində təşəbbüslə çıxış etdik. Məşhur adamların yox, vətəndaş cəmiyyətinin aktiv üzvlərindən 4 nəfər “Cümhuriyyət” platformasında ReAL-ın dəstəyini qazanaraq seçkilərə getmişdi. İndi də yəqin ki, bunabənzər çalışma olacaq. Amma bu, tanınmış olduğuna görə kimisə namizəd edəcəyimiz də demək deyil. Çünki parlament çox ciddi bir qanunvericilik orqanıdır. Orada təmsil olunanlar da qanunvericiliklə, qanunların yazılması və təqdimatı ilə bağlı məlumatlı olmalıdırlar.

- Bəs bələdiyyə seçkilərində tanınmış namizədləriniz ola bilər?

- Bəli, belə bir fikrimiz var. Bunu bələdiyyə seçkilərində etmək mümkündür. Çünki bələdiyyə seçkiləri fərqlidir. Yəni bələdiyyənin ərazisində yaşayanların tanınmış olması vacibdir. Bələdiyyə bütün ölkə üzrə seçilmir, bələdiyyənin ərazisində yaşayan insanların tanınmış olması bəs edir. Əsasən də Sumqayıt şəhəri ilə bağlı araşdırmalar aparırıq. Nəzərə almaq lazımdır ki, orada vahid bələdiyyə sistemidir. Şəhər üzrə vahid dairə olduğu üçün bütün bələdiyyə üzvləri ayrı-ayrı rayonlar üzrə deyil, bir şəhər üzrə seçilir.

Elmir Mustafa
“Cebhe.info”