Razi Nurullayev: “Məşhurlarla danışıqlar başlayıb, onları...” - MÜSAHİBƏ

Razi Nurullayev: “Məşhurlarla danışıqlar başlayıb, onları...” - MÜSAHİBƏ

“Yenidən deputatlığa namizədliyimi irəli sürəcəyəm”.

Bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev “Cebhe.info”-ya müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Razi bəy, qarşıdakı aylarda keçiriləcək parlament seçkilərində yenidən deputatlığa namizəd olacaqsınız?

- Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. Mən də seçkilərdə iştirak edəcək namizədlər arasındayam. Qismət olarsa, yenidən İmişlidən deputatlığa namizədliyimi irəli sürmək istəyirəm.

- Partiyanız seçkilərdə neçə nəfərlə mübarizə aparacaq?

- Seçkilərdə iştirak edəcək xeyli insanın şəxsiyyətini müəyyənləşdirmişik. Hazırda da bu prosesə davam edirik. Daha çox dairədə təmsil olunmaq üçün çalışacağıq. Hədəfimiz çox sayda dairəni əhatə etməkdir. Amma bu, üzvlərin iştirak həvəsindən və digər faktorlardan asılı olacaq. Buna baxmayaraq, namizədlərin siyahısı üzrə 3 nəfərdən ibarət komissiya yaratmışıq. Bunun üzərində işləyib siyahını yaxın zamanda təqdim edəcək. Hələlik isə neçə nəfərlə mübarizə aparacağımızla bağlı dəqiq rəqəm deyə bilmirəm.

- Bəs parlamentdə neçə nəfər deputatla təmsil olunmağı hədəfləyirsiniz?

- Təbii ki, hər bir siyasi partiya seçkidə iştirak edən zaman bütün dairələrdə qalib gəlməyi arzu edir. Biz də maksimum dairədə qələbə qazanmaq üçün çalışacağıq. Bu, bizim istəyimiz, arzumuz və mübarizə qayəmizdir. Parlamentdə ən azından 10-15 deputatla təmsil olunan partiya ola bilsək, sözümüz daha kəskin eşidilər. Həmçinin, bir çox qərarların qəbul olunmasına təsir göstərə bilərik. Ona görə də daha çox dairədə qələbə qazanmağı arzulayırıq.

- Razi bəy, Türkiyədə son seçkilərdə bəzi partiyalar tərəfindən idman, mədəniyyət və digər sektorlarda olan tanınmış şəxslərin deputatlığa, yaxud bələdiyyə sədrliyinə namizəd göstərildiyini görürük. Milli Cəbhə Partiyası oxşar addım ata bilər?

- Əslində biz bunu hər zaman partiyamızın iclaslarında müzakirə edirik. Artıq bununla bağlı tapşırıq da vermişik və bəzi tanınmış simalarla danışıqlar gedir. Tanınmış şəxslərin Milli Cəbhə Partiyasından namizədliklərini irəli sürmələrini istəyərik. Əgər tanınmış şəxslər də bunu istəsə, onlar üçün “yaşıl işıq” yandırmağa hazırıq.

- Partiyanızın bələdiyyə seçkiləri ilə bağlı hədəfləri nələrdir?

- Partiyamız bələdiyyə seçkiləri ilə bağlı da çalışmalarını davam etdirir. Bələdiyyə seçkilərində də fəal iştirak etmək istəyirik. Bildiyimiz kimi, artıq bələdiyyələrin sayı azaldılıb, əraziləri böyüdülüb. Həmçinin, bələdiyyələrin statuslarında da müəyyən dəyişiklik olunub. Üstəlik, bələdiyyələrin səlahiyyətlərinin daha da artırılaraq rayonların sosial-iqtisadi inkişafında önəmli rol oynaya biləcəyi proqnozlaşdırılır. Bunu əsas götürərək deyə bilərəm ki, Milli Cəbhə Partiyası bələdiyyə seçkilərində də həqiqətən fəal və yüzlərlə üzvü ilə iştirak etmək niyyətindədir.

Elmir Mustafa
“Cebhe.info”