Türkiyəli məşhur müğənni: “Hər səhnəyə çıxanda Azərbaycan mahnıları oxuyuram” - MÜSAHİBƏ

Cebhe.info-nun “Türk Ulduzları” rubrikasının növbəti qonağı müğənni Seda Çakmakdır.
İllərdir sənətdə olan müğənni ötən ay “Dertler Dünya” adlı ilk mahnısını təqdim edib.
- Seda xanım, yaxın zamanda ilk mahnınız yayımlandı. Xeyirli-uğurlu olsun! Bununla bağlı təəssüratlarınızı öyrənə bilərik?
- Təşəkkür edirəm! Əslində 2-3 dəfə albom hazırlıqları etmişdim, amma onları çıxarmaq nəsib olmadı. Çünki həm firma ilə anlaşa bilmədim, həm də mahnıları bəyənmədim. Amma bu mahnını eşidən kimi tam zamanı və bunu oxumalı olduğumu hiss etdim. Bəzi şeylərin nəsib və qismət olduğuna çox inanıram. Düşünürəm ki, doğru zaman məhz indidir.
- Mahnının müəllifi kimdir və onu necə seçdiniz?
- Mahnının sözləri və musiqisi Konservatoriyadan dostum olan Göknur Onura aiddir. Ona təkrar təşəkkür edirəm. Mahnının aranjmanını isə Ekrem Düzgünoğlu edib. Əslində biz başqa bir mahnı oxumuşduq, amma onu qışda çıxarmağa qərar verdik. İndi üçün isə daha hərəkətli bir mahnı olmasını istədik və bunu seçdik. ümid edirəm ki, dinləyicilərin də xoşuna gələr.
- Bəs ilk mahnınızın indi çıxmasına səbəb nədir?
- Əslində pandemiyadan sonra gördüm ki, artıq hər kəsin bir "YouTube" kanalı var və hər kəs özün üçün müəyyən qədər məşhur sayılır. Çünki demək olar ki, hər kəsin bir izləyici kütləsi var. Mən də öz kanalımda sevdiyim və insanların sevdiyi mahnıları səsləndirmək istəyirəm. Təbii ki, içində mənə aid yeni mahnılar da olacaq. Buna başlamağın yolunun da yeni bir mahnı olacağını düşündüm.
- Başqa yeni mahnılarınız da olacaq?
- Bəli, olacaq. Qışda yeni bir mahnımız çıxacaq. Onun aranjmanı hamısı bitib. Həmin mahnı da Gökhan Onura aiddir və yanvar ayında təqdim etməyi düşünürük.
- Neçə ildir müğənnisiniz?
- İstanbul Texniki Universiteti Dövlət Konservatoriyasının məzunuyam. Həmçinin, uzun illərdir səhnələrdəyəm. Amma indiyə kimi heç vaxt albom hazırlamamışdım. Əslində bunu düşünmürdüm. Lakin dediyim ki, qismət belə imiş.
- Siz daha əvvəl maqazin proqramında aparıcı olmusunuz. Bunu təkrar etmək istəyərsiniz?
- Bəli, elə bir təcrübəm olub. Lakin səhnəyə çıxan biri üçün hər gün canlı yayım çox çətin olur. Səhər tezdən kanala gedib hazırlaşmaq da çətindir. Ona görə də hələlik bu barədə düşünmürəm.
- Türkiyəli və ya azərbaycanlı bir müğənni ilə duet oxumağı düşünürsünüz?
- Əslində düşünməmişəm. Amma indi fikirləşəndə görürəm ki, gözəl bir Azərbaycan mahnısını azərbaycanlı sənətçi ilə oxumaq gözəl olardı.
- İndiyə kimi Azərbaycana gəlmisiniz?
- Pandemiyadan öncə Bakıda bir konsert planımız var idi. Daha sonra da Azərbaycandan səhnəyə çıxmaq üçün təklif aldım. Fəqət həm tarixlərdə, həm də qonorar da razılaşa bilmədik. İnşallah, gəzmək üçün də olsa, Azərbaycana gəlmək istəyirəm.
- Bəs Azərbaycanda konsert vermək istəyirsiniz?
- Bəli, çox istəyirəm. Təklif gəlsə, ola bilər.
- Azərbaycanlı ilə evlənərdiniz?
- Yəni niyə də olmasın? Nəticədə bu, könüldür. Mənim üçün azərbaycanlı və ya türkiyəli çox fərq etmir. Məncə, aşiq olduqdan sonra ola bilər.
- Bəyəndiniz Azərbaycan mahnıları var?
- Mən 12 il xalq oyunlarında, rəqslərində iştirak etmişəm. Orada Qars, Qafqaz və Azərbaycan rəqsləri oynayırdım. ümumiyyətlə, həm Azərbaycan rəqslərini oynamağı, həm də Azərbaycan mahnılarını oxumağı çox sevirəm. Ən çox sevdiyim mahnınız "Şeirə qəzələ", "Sən gəlməz oldun" və "Əziz dostum" mahnılarıdır. Azərbaycan mahnıları o qədər gözəldir ki, bir-birindən ayıra bilmirəm. Hətta hər dəfə səhnələrimdə ən azı 1-2 Azərbaycan mahnısı oxuyuram.
Elmir
Cebhe.info