AXCP-ni kim bitirib: Əli Kərimli, ya…

AXCP-ni kim bitirib: Əli Kərimli, ya…

“5-ci kolon” Əli Kərimlidən “əsl müxalifət” düzəltmək istəyirdi

Əli Kərimli yenə hay-küy salaraq, rəhbərlik etdiyi partiyadan saxlanılanların, təzyiqə məruz qalanların olduğunu bildirir və bunu özünə qarşı yönəlmiş növbəti addım adlandırır. Görünür, Əli Kərimlinin özü üçün hazırladığı “məhbus” siyahısını artırmaq lazımdır ki, daha sonra hansısa manipulyasiya imkanı əldə etsin. 

Amma artıq zaman və dövran dəyişdiyindən, siyahısını da ancaq özü oxuyur, özü o haqda danışır. Manipulyasiyası üçün də nə meydan, nə də şərait var. Özlüyündə bunu anladığından, ətrafında qalan azsaylı şəxsləri də öz müdafiəsinə yönəldib.

Onsuz da partiyasında “dişə vurulacaq” ciddi siyasi fiqur qalmayıb, olanlar da ancaq Əli Kərimli kimi düşünüb, onun kimi danışmağa məhkumdurlar. 

Məsələn, Fuad Qəhrəmanlı bu günlərdə uzun bir status yazıb və Əli Kərimli də öz tezisləri əsasında yazdırdığı bu statusu sosial şəbəkə hesablarında paylaşıb.

Qəhrəmanlı “Partiya sədri Əli Kərimlinin ətrafı hədəf götürülərək son iki ayda onu mühafizə edən, öz maşını ilə tədbirlərə aparan 8 cəbhəçi həbs olunub, onlardan 2-nə isə cinayət işi açılıb. Bu, baş verənlərin məqsədi aydındır, hakimiyyət hazırkı beynəlxalq vəziyyəti fürsət bilərək, müstəqil medianı, vətəndaş cəmiyyətini olduğu kimi indi də demokratik müxalifəti bitirmək istəyir”, - deyə yazır.

Amma Fuad Qəhrəmanlı da eynən lideri kimi unudur ki, müasir AXCP-ni hər hansı repressiyalarla bitirməyə ehtiyac yoxdur, çünki onu əbədi sədr seçdikləri Əli Kərimli özü çoxdan bitirib. Partiya üçün əmək sərf edən, cəmiyyətdə nüfuzu olan, yəni həm də dolayısı ilə Əli Kərimliyə potensial rəqibə çevrilə biləcək hər kəs partiyadan min bir oyun, şər, böhtan və şantajla uzaqlaşdırılıb, bir qismi isə Əli Kərimlinin oyunlarına alət olmamaq üçün özləri partiyanı tərk ediblər.

Fuad Qəhrəmanlı bu prosesi partiyada nəsil əvəzlənməsi prosesi adlandırısa da, bu, nəsil əvəzlənməsi yox, daha aldadıla bilməyənlərin mümkün qədər aldadıla bilənlərlə əvəz edilməsidir.

Ona görə də Əli Kərimlinin ətrafında kimsə görünmür, amma əlinin altında bir-iki nəfər onun TROLluğunu edənlər var ki, onlar da siyasi cameədə, cəmiyyətdə nüfuzları ilə yox, trolluqları ilə tanınırlar. Buna görə də Fuad Qəhrəmanlının AXCP-ni bitirmək üçün repressiyalara ehtiyac duyulduğunu deməsi reallıqdan işıq ili qədər uzaqdır. 

Olmayan bir partiyanı bitirməyə nə hacət?

F.Qəhrəmanlı Əli Kərimlinin hər zaman həsrətində olduğu 2019-cü illə bir paralel apararaq yazır: 

Bugünkü həbslərlə bağlı bir hadisəni xatırlatmaq yerinə düşər. 2019-cu ilin yanvarında partiya rəhbərliyinə daxil olan şəxslərin əksəriyyəti həbsdə idi və o zaman 19 yanvar mitinqinə hazırlığı pozmaq üçün partiyanın xeyli sayda aparıcı səxsləri də inzibati qaydada saxlanılmısdılar. Ancaq nəticə nə oldu ? AXCP son 20 ilin ən kütləvi mitinqini həbsdə olan şəxsləri əvəz edən və heç kimin tanımadığı sıravi cəbhəçilərin təşkilatçılığı ilə keçirməyi bacardı”. 

Günümüzdən deyil, 6 il əvvəl baş verənləri xatırlatmaqla təsəlli tapmaq özü onun mənsub olduğu təşkilatın bitməsini təsdiqləməkdir. Yaxın tarixə nümunə göstərəcək heç nə tapa bilməyən Fuad Qəhrəmanlı da, elə Əli Kərimli özü də bilirlər ki, indi 2019-cu il deyil. 

2019-cu ildə Əli Kərimlini güclü göstərmək istəyənlər vardı və əsas dəstəyi məhz onlardan - dövlətin içindəki “5-ci kolon”dan alırdı. Məhz “5-ci kolon” Əli Kərimlidən “əsl müxalifət” düzəltmək istəyirdi və bunun üçün zaman-zaman hakimiyyət imkanlarından istifadə edərək ona dəstək verirdi. 

Ancaq 2019-cu il elə həmin ildə də qaldı və “5-ci kolon”un hakimiyyət rıçaqlarını itirməsi ən çox Əli Kərimlinin real gücünü ortaya qoydu. O gündən bu günə Əli Kərimli istər AXCP, istərsə də Milli Şura adına dəfələrlə kütləvi aksiya vədi versə də, bu vəd “Facebook”-dan kənara çıxa bilmədi. 

Ona görə də çox əsəbidir, hər xırda məsələdən də özünə xal yığmağa çalışır, keçmişləri xatırladıb nümunə göstərir. Amma şüuraltı özü də anlayır ki, “bəlkə də qaytardılar” xülyası həm Qarabağ məsələsi, həm də “5-ci kolon” kimi tarixə qovuşub. Buna görə də Əli Kərimli özünə və partiyasına qarşı repressiya səs-küyü salmaqdansa, niyə bu vəziyyətə düşdüyünü təhlil edib, özünə hesabat verib, istefasını açıqlasa, daha yaxşı olardı...

Süleyman Yusifov
“Cebheinfo.az”