Deputatdan təklif: "TÜRK PA-nın müdafiə və təhlükəsizlik strategiyası hazırlanmalıdır"

Deputatdan təklif: "TÜRK PA-nın müdafiə və təhlükəsizlik strategiyası hazırlanmalıdır"

Milli Məclisdə Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasına (TÜRK PA) üzv ölkələri arasında ortaq təhlükəsizlik çağırışlarına qarşı müdafiə və təhlükəsizlik strategiyasının hazırlanması təklif edilib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova TÜRK PA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin iclasında çıxışı zamanı deyib.

Deputat hesab edir ki, bu strategiya, regiondakı əsas təhdidləri nəzərə alaraq birgə müdafiə siyasətinin formalaşdırılmasına öz töhfəsini verəcək:

"Nəzərə alsaq ki, son dövrlərdə dünyada geosiyasi gərginliklər artıb, regional münaqişələr və qeyri-ənənəvi təhlükəsizlik təhdidləri gündəmə gəlib. Bu vəziyyət, bizləri daha yaxın əməkdaşlığa, birgə müdafiə strategiyalarına və effektiv təhlükəsizlik əməkdaşlığına çağırır.

Türk dövlətləri olaraq, biz bu təhdidləri yalnız birlikdə aradan qaldıra bilərik. Ona görə, təklif etdiyim strategiya hibrid təhdidlər, terrorizm və kiberhücumlar kimi təhlükələrə qarşı ortaq yanaşmaların müəyyən edilməsi məqsədilə üzv ölkələr arasında koordinasiyanı təmin edəcək".

Bundan başqa, deputat komitələr arasında daha sıx əməkdaşlıq üçün saziş imzalanmasını irəli sürüb. Səbinə Salmanovanın fikrincə, sazişlə Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı üzrə Koordinasiya Şurası da yaradıla bilər:

"Düşünürəm ki, komitə rəhbərləri və əsas üzvlərdən ibarət olacaq Şura mütəmadi iclaslar vasitəsilə regional təhlükəsizlik gündəliyini və strateji qərarlar qəbul edə bilərlər. Alt işçi qrupları (kiber təhlükəsizlik, sərhəd təhlükəsizliyi və s.) də fəaliyyət göstərə bilər.

Hesab edirəm ki, bu Koordinasiya Şurasının yaradılması, təkcə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək deyil, eyni zamanda parlament diplomatiyasının mühüm bir elementi kimi regional sabitliyə və sülhə töhfə verəcək. Eyni zamanda, dövlətlərin milli maraqlarını qorumaqla yanaşı, ortaq təhlükəsizlik mühitinin formalaşmasına da şərait yaradacaq".

"Cebheinfo.az"