Əli Kərimlinin “Mirzə Qərənfil”i və onun siyasi buqələmunluğu 

Əli Kərimlinin “Mirzə Qərənfil”i və onun siyasi buqələmunluğu 

Balaca adamlar cığırlarda gəzirlər.

Elə həmin cığırlarda da itib-batırlar. Cəmil Həsənli də o cığırda itib-batanlardandır. Professor olsa da, özünə siyasətçi desə də, cığırda ömür keçirən adamdır. O qədər balacadır ki, nə diqqətə alınır, nə də varlığı-yoxluğu bilinir. Aradabir batdığı kolluqdan başını çıxarıb nəsə deyir. O dedikləri də başqalarının fikridir.

Onun yolu, izi olmadığı kimi, heç zaman öz fikri də olmayıb, yoxdur və olmayacaq. Cəmil Həsənlini tanıyan hər kəs bunu yaxşı bilir. Ən yaxşı halda Əli Kərimlinin mirzəsi olub. Çox da uzaq olmayan 90-larda Əli Kərimlinin bir İsaq Əvəzoğlusu vardı. İndi onu Cəmil Həsənli əvəz edir.

2013-cü ildə guya ondan nəsə düzəltməyə çalışdılar. Əslində Milli Şura deyilən o qurumda adın möhtəşəmliyi arxasında gizlənmək istəyənlər özləri də bilirdilər ki, ondan heç nə olmayacaq. Yəni Cəmil Həsənlidən. Sabun köpüyü kimi bir şeydir. El məsəlində deyildiyi kimi, “palaza bürün, ellə sürün” etdilər. Çünki Cəmil Həsənlini tanıyanlar hamısı bilirdilər ki, bu adam həyatı boyu Əli Kərimlinin mirzəsi olub, olmaqda qalır və həyatının sonuna qədər belə də qalacaq.

2013-cü ildən on il keçir. Cəmil Həsənli bu 10 ilin bir müddətini xaricdə yaşadı, elmi fəaliyyətlə məşğul olduğunu dedi, ara-sıra siyasi fikirlər də bildirdi. Ancaq buradakı kimi oradan da nəsə əxz eləmədi. Gözübağlı getdi, gözübağlı gəldi. Yəni “mirzə qərənfil”likdən uzağa gedə bilmədi.

Nə olsun ki, Prezidentliyə namizəd oldu, nə olsun ki, alimdir, nə olsun ki, adını hörmətdən saldıqları Milli Şuranın sədri kimi özünü təqdim edir. Adamın yaranışdan işi “mirzə qərənfil”likdir. Əli Kərimlinin Mirzə Qərənfili...

Ancaq Cəmil Həsənlinin təkcə mirzəliyi var desək, haqqına girmiş olarıq. Onun siyasi buqələmunluğu da bir ayrı mövzudur. Elə bir buqələmundur ki, siyasi səhnədə bəlkə də beləsi yoxdur və ya olsa da, Cəmil Həsənlinin “performansını” göstərə bilməyib ki, Milli Şuranın mirzəsi hələ də bu sahədə alternativsiz birinciliyini qoruyub saxlayır.

Çox da uzaq olmayan tarixin bir neçə faktını sadalamaq bu məqamda yerinə düşər. Cəmil Həsənli bu gün odlu-alovlu müxalifət təmsilçisi kimi danışır və az qala özünü mirzəsi olduğu Əli Kərimli kimi “müxalifətçilik pasportu” paylamaq statusunda görür.

Bəs özü bu “pasportu” nə vaxt əldə edib?

Maraqlı nüans budur. 2010-cu ildə deputat seçilməyəndən sonra. O zamana kimi hakimiyyətin bir nömrəli dəstəkçilərindən idi. Özünə avantaj qazanmaq, şəxsi gəlirlərini artırmaq üçün bütün hökumət nümayəndələrinin yanında sədaqətli obrazında olurdu. Əsas məqsədi bunun müqabilində gəlirlərini artırmaq, mülklərinin sayını çoxaltmaq, şəxsi qazancı idi. Buna nail oldu. Evlər qazandı, obyektlər sahibi oldu, pensiyasına qədər çox məsələsini necə deyərlər, “aşırdı” və arzuladıqlarına çatandan sonra müxalifətçilik etmək yadına düşdü. Bu müxalifətçiliyi də o zaman başladı ki, deputat seçilə bilmədi. Keçdi radikal müxalifətçiliyə...

Əslinə qalanda, onun keçmiş fəaliyyətini unutmayanlardan biri də elə Əli Kərimlidir. Sadəcə çox məsələdə, düşüncədə ortaq olduqlarından və Kərilinin ətrafında “dişə vurulası” kimsə qalmadığından, Cəmil Həsənlinin”müxalifəçiliyindən” istifadə edir. Amma ilk fürsətdəcə də onu “keçi qiymətinə” xərcləyəcək.

Prezident yanında Təhsil üzrə Komissiyasının üzvü olanda təhsilin inkişafından ağızdolusu danışan Cəmil Həsənli indi təhsil sahəsindəki problemləri “ağ yuyub, qara sərir”.

O zaman bu problemlər yox idimi, Cəmil Həsənli? Deputat seçilməyəndən sonra bu problemləri gördün? Ya bu problemlər 2010-cu ildən sonra üzə çıxdı? Təbii ki, qazanclarına görə o zaman yalan danışırdın. Sən o komissiyada təmsil olunanda problemlər daha çox idi, nəinki indi. İndi o zamandan illər keçib və təhsil sahəsində olan inkişaf o zamanla müqayisədə daha çoxdur. Sadəcə, sən indi belə danışırsan, çünki mirzəsi olduğun şəxs belə istəyir. 59 yaşında (adi adamlar 63 yaşda çıxırdı, hətta qadınlar 60 yaşda) pensiyaya çıxanda hər şey qanuni idi, indi yox? Yaxud da deputat mandatına görə üzv olduğun partiyanın qərarına tabe olmayaraq Milli Məclisə gedəndə, hər şey yaxşı idi, indi pisdir? Təbii ki, yox! Sadəcə, onda maraqların belə tələb edirdi, indi isə əksinə...

Siyasi buqələmunluq belə olur! Siyasi fəaliyyətində qazandığı ən böyük uğur deputat mandatı və gələcəyinin təminatı olan Cəmil Həsənlinin indi yenidən meydanda boy göstərmək cəhdi hansısa “yarımçıqlığı” düzəltmək istəyidir. Bu vasitə ilə istədiklərini əldə etməyə adət edən Cəmil Həsənli indi apardığı “müxaifətçilik oyunu” ilə insanları ancaq özünə güldürür. Hər halda uzaq olmayan keçmişi xatırlayanlar çoxdur və Cəmil Həsənlinin deputat olduğu dönəmdəki “fəaliyyəti”nə dair arxiv də qalır. İstəsə özü ozamankı çıxışlarını xatırlayıb birdən-birə “alovlu müxalifə” keçidinin səbəbini özünə etiraf edə bilər.

Cəmil Həsənli özünü tarixi və stajlı cəbhəçi kimi cəmiyyətə tanıtdırmaq istəsə də, əslində o AXC üzvlüyündən də çıxıb, 1992-ci ilin may ayında yenidən qayıdanlardan idi. Qayıtmaqda da məqsədi hakimiyyətdə özünə yer eləmək olub. Sabah da ilk şansda yenidən buqələmunluğa başlayacaq. Bu təcrübədir və bu təcrübəni Cəmil Həsənli dəfələrlə sınayıb. İndi də özünü radikal müxalifət kimi aparır.

Müxalifət həm də nümunə deməkdir. Cəmil Həsənli hansı siyasi və ictimai əxlaq, milli- mənəvi dəyərlərin etalonudur ki, ondan nümunə götürülsün və onun ətrafında sosial baza formalaşsın? Kimsə sadalaya bilərmi? Təbii ki, yox! Amma onun milli, mənəvi dəyərlərin daşıyıcısı olmaması, bu kriteriyalardan tam uzaq olması ilə bağlı 20 misal çəkmək olar. Müxalifətçilik şəxsi və korporativ maraqlarla ölçülmür. Müxalifətçilik ideyalar üzərində olur, Cəmil Həsənli! O hansı ideyalardır ki, sən onun uğrunda mübarizə aparırsan, digər müxalifət bunları bilmir və ya etmir?

Müxalifətçiliyinə şübhə etdiklərinin hamısından yaxşı sən hakimiyyətdən istifadə edib, evə, obyektə, təminatlı həyata sahib olubsan, 10 il də deputat mandatı daşımısan. Deputatlığın bitən kimi isə öz köhnə peşənə - mirzəliyinə qayıtmısan. Bu gün də o işdəsən. Əli Kərimlinin mirzəliyini edirsən... İndi də dilindən əl çəkmirsən və Əli Kərimli özü demədiyini sənin dilinlə deyir, əlinlə yazır.

“Siyasi partiyalar haqqında” Qanun var və hər bir partiya bu qanuna uyğun öz fəaliyyətini qurur. Qanunun tələblərinə cavab verməyən partiyalar da fəaliyyətini dayandırır. Burada qəbahət və ya gizlədiləsi nəsə yoxdur. Proses ümumi şəkildə yekunlaşdıqdan sonra sən də cəmiyyət xəbər tutanda, rəsmi informasiya veriləndə biləcəksən ki, neçə partiya qanunun tələblərinə əməl edib qeydiyyatdan keçib, neçəsi də bu tələbləri yerinə yetirməyib və fəaliyyətini dayandırıb.

Yalandan fırtına qoparmağa çalışmağa dəymir. Hərgah ki, sən nəinki fırtına qoparmağa heç FIRFIRA fırlatmağa da qadir deyilsən. Sadəcə, “milçək bir şey deyil, könül bulanıdır” misalı tam sənin dediklərinə, yazdıqlarına uyğundur...

Səlim
Cebhe.info