İrəvanı kim qarışdırır: Rusiya, yoxsa Qərb?

İrəvanı kim qarışdırır: Rusiya, yoxsa Qərb?

Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanın mövcud hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları davam edir.

Mayın 9-da İrəvanda Respublika meydanında Tavus yeparxiyasının rəhbəri Baqrat Srbazanın rəhbərlik etdiyi “Vətən naminə Tavus” hərəkatının genişmiqyaslı etiraz aksiyası keçirilib.

Ermənistan KİV-lərinin məlumatına görə, aksiyada 30 mindən çox insan iştirak edib.

Aksiya revanşist müxalifət dairələri, xüsusilə sabiq prezident Robert Köçəryanın “Hayastan” fraksiyası tərəfindən dəstəklənib.

Keşiş Baqrat Srbazan aksiyada çıxışı zamanı Baş nazir Nikol Paşinyan istefa verməyə çağırıb. Aksiyadan sonra Srbazan “Hayastan” fraksiyasının nümayindələri ilə görüşüb.

Hazırda İrəvan küçələrində və meydanında etiraz aksiyası davam edir. Artıq aksiyaya tələblərin də qoşulduğu bildirilir. 

Maraqlıdır, Ermənistanda baş verən proseslər hansı güc mərkəzi tərəfindən koordinasiya olunur? Burada Rusiya, yoxsa Qərb faktoru var? 

“Cebhe.info” məsələ ilə bağlı siyasi ekspertlərin rəyini öyrənib.

Politoloq Rəşad Bayramov bildirib ki, İrəvandakı etiraz aksiyaların arxasında Rusiya və Qərbdəki dairələr dayanır:

“Aksiyada çıxış edənlərin kimliyinə baxanda, eləcə də proseslərə kilsənin də qatıldığını nəzərə alanda burada Rusiyanın əlinin olduğuna dair fikirlər irəli sürmək olar. Bu gün aksiyanın əsas hərəkətverici qüvvəsi sabiq dövlət rəhbərləri Köçəryan-Sarkisyan cütlüyü və Qarabağ ermənilərindən ibarət dəstədir.

Kilsənin proseslərə qatılması əvvəlcədən planlaşdırılan addımdır. Bilirik ki, kilsənin Ermənistan ictimaiyyətində təsir imkanları kifayət qədər yüksəkdir. Eçmiəzdin kilsəsinin ayrı-ayrı mənsublarının, xüsusilə də bütün ermənilərin katolikosu İkinci Qaragenin Rusiya ilə yaxın təmaslarının olduğunu nəzərə alsaq, görərik ki, proseslərdəki hədəfər Rusiyanı göstərir. 

Amma bu o demək deyil ki, Ermənistanda vəziyyətin gərginləşməsində maraqlı olan yeganə Rusiyadır. Başqa güc dairələri də Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaların genişlənməsində maraqlıdır. Bu gün erməni diasporası da Nikol Paşinyanın yürütdüyü siyasətdən və sülhmeyilli mövqeyindən narahatlıq keçirir.

Bildirim ki, ABŞ və Avropadakı erməni diasporası müəyyən Qərb dairələrini Paşinyanı başqa Qərbmeyilli şəxs ilə əvəz etmək üçün addımlar atmağa sövq edə bilərlər. Bu gün Qərbin özündə Paşinyan hakimiyyəti ilə bağlı vahid və yekdil mövqe yoxdur.

Düzdür, Qərb ölkələri hər vəchlə Ermənistanda öz təsir imkanlarını artırmağa çalışırlar, ancaq onların, xüsusilə ABŞ və Fransanın bu ölkədə maraqları bir-birilə ziddiyyət təşkil edir. Ehtimal etmək olar ki, Qərbdəki bəzi qüvvələr də İrəvanda aksiyalara dəstək verirlər. Lakin əsas aparıcı qüvvə, təbii ki, Rusiyayönümlü “5-ci kolon”dur”.

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Moskva Paşinyan hakimiyyətini devirmək üçün son “kozur”undan istifadə edir:

“Hazırda İrəvanda keçirilən aksiyalar birbaşa Moskva tərəfindən idarə olunur. Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan, o cümlədən “Daşnaksütyun” partiyasının rəhbərləri Rusiyanın xüsusi kəşfiyyat orqanlarının əməkdaşlarıdır.

Eçmiəzdin kilsəsi sovet dövründən bəri Rusiya kəşfiyyatının nəzarəti altında olub. Rus kəşfiyyatının icazəsi olmadan, erməni keşişlər heç bir addım ata bilməzlər. Moskva Paşinyan hakimiyyətini devirmək üçün son “kozur”undan istifadə edir. Amma Moskvanın bu addımı da dəf olucaq”.

Politoloq, Mili Cəbhə Partiyası sədrinin müşaviri Elşən Manafov isə vurğulayıb ki, İrəvanda etiraz aksiyalarında daha çox daxili qüvvələr və erməni diasporası rol oynayır:

“Prinsip etibarı ilə etiraz aksiyalarını doğuran səbəblər bəllidir. Səbəblər Paşinyan hakimiyyətinin Azərbaycanla münasibətləri nizama salmaq siyasəti və Azərbaycanla şərti sərhəd ərazilərin delimitasiyası istiqamətində atdığı addımlardır.

Nikol Paşinyanın Ermənistanın Tavuş bölgəsinə yaxın olan işğal altındakı dörd kəndi Azərbaycana qaytarmaq qərarı həmin bölgədə məskunlaşan erməni kəndlərinin narazılığına səbəb olub.

Ermənilər qorxurlar ki, həmin kəndlər Azərbaycanın nəzarəti altına keçdikdən sonra onların yaşayışı təhlükə altında olacaq. Halbuki işğal dövründə dörd kəndə nə yaşayış, nə də əkin-biçin olub.

O ki qaldı İrəvanda etiraz aksiyalarının arxasında kimlərin dayanmasına, bu aksiyalarda revanşist müxalifətin rolu danılmazdır. Müxalifətin hazırkı iqtidara münasibəti bəlli olduğundan, belə qənaətə gəlmək olar ki, revanşist müxalifət ünsürləri etiraz aksiyasından öz maraqları üçün istifadə etməyə çalışır. 

Digər maraqlı məqam ondan ibarətdir ki, etiraz aksiyalarının arxasında erməni kilsəsi də dayanır. Erməni kilsəsi hər zaman erməni ictimaiyyəti və erməni xalqı üzərində çox böyük təsir imkanlarına malik olub. Hətta Ermənistan dövlətinin olmadığı bir zamanda erməni keşişləri erməni xalqına dövlətçilik ideyaları təbliğ və onları mübarizəyə sövq ediblər. Yəni belə demək mümkünsə, erməni kilsəsi dövlət içərisində bir dövlət təsiri bağışlayır. 
  
Amma Ermənistanda keşişlər özbaşına hərəkət etmirlər. Onların dünyanın müxtəlif ölkələrindəki erməni diasporası ilə sıx təmasları var. Xüsusilə nəzərə almaq lazımdır ki, erməni diasporasının maliyyəsi olmadan erməni kilsəsi nəinki aksiya təşkil etmək, hətta heç bir addım ata bilməz. 

Hesab edirəm ki, Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları erməni kilsəsi, revanşist müxalifət və erməni diasporasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub”. 

Yunis Abdullayev 
“Cebhe.info”