Nazirlər Almatıdan sülhlə qayıdacaqlar?

Nazirlər Almatıdan sülhlə qayıdacaqlar?

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından danışmaq hələ tezdir”.

Bu sözləri politoloq Zaur Məmmədov “Cebhe.info”-ya açıqlamasında bu gün Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri- Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən görüşü şərh edərkən bildirib. 

Onun sözlərinə görə, sülh sazişinin nə zamansa imzalanması Almatı görüşündən asılı deyil:

“Sadəcə olaraq, bu görüş sülh sazişi üçün bir addım ola bilər. Bu görüş hər iki tərəfin müəyyən məsələlər üzrə ümumi baxış bucağının formalaşmasına kömək edər. Hesab edirəm ki, hər iki ölkənin XİN rəhbərlərinin görüşündə sərhəd ərazilərin delimitasiyası və demarkasiyası, sülh sazişi ilə bağlı problemlər, nəqliyyat kommunikasiyalarının açılması və digər mühüm məsələlər əsas müzakirə predmenti olacaq. Lakin hazırda Ermənistanda daxili siyasi vəziyyətin gərginləşdiyini görürük. Artıq iki gündür ki, İrəvanda Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları keçirilir”. 

Ekpert hesab edir ki, bu, sülh prosesinə ciddi təsir göstərə bilər:

“Buna görə də sülh sazişinin imzalanmasından danışmaq hələ tezdir. Əsas odur ki, Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirsin. Ermənistan sülh prosesində konstruktiv addımlar atmaqda davam etməlidir”. 

Yunis Abdullayev 
“Cebhe.info”