Prezident İlham Əliyevdən daha bir humanist addım

Prezident İlham Əliyevdən daha bir humanist addım

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu Sərəncamın icrası məqsədilə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 300 000 (on beş milyon üç yüz min) manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli Məclisin deputatı Jalə Əliyeva "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım atılıb:

“Bu addım dövlət başçısının “hər bir azərbaycanlının Prezidenti olacağam!” vədinin arxasında qətiyyətlə dayandığını bir daha sübut etdi. Bu sərəncamla minlərlə aztəminatlı ailəyə sevinc bəxş olundu, növbəti dəfə Azərbaycan cəmiyyətinin humanizm prinsipləri ilə idarə edildiyi bir daha nümayiş etdirildi.

Bu qərar Azərbaycan dövlətinin siyasətinin əsas mahiyyətinin insana və xalqa xidmət olduğunu açıq şəkildə göstərir. Xüsusilə ünvanlı dövlət sosial yardımı alan 10 minlərlə ailənin bayram günlərində dövlət tərəfindən əlavə sosial dəstəklə təmin olunması olduqca sevindirici haldır”.

Deputat qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən 15 milyon manatdan artıq vəsait ayrılıb:

“Bu maddi yardım aztəminatlı ailələrin bayram sevincinə əlavə sevinc qatacaq. Bu, onların bayram günlərini ailə üzvləri və övladları ilə birlikdə daha rahat və arzu etdikləri şəkildə keçirmələrinə mühüm töhfə verəcək. 

Bu humanist addıma görə cənab Prezidentə minnətdaram. Sosial təməllərə əsaslanan və ən ali məqsədi insanların rifah halının yaxşılaşdırılması olan bir dövlətin vətəndaşları olmaq hər birimiz üçün qürurvericidir.

Eyni zamanda, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə həm bu yardımı alan ailələri, həm bütün xalqımızı və başda cənab Prezident olmaqla hər bir azərbaycanlını səmimi-qəlbdən təbrik edirəm”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”