Sülh danışıqları başlayacaq: Yanvarın 20-dən sonra...

Sülh danışıqları başlayacaq: Yanvarın 20-dən sonra...

“Sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir”. 

Bu sözləri Azərbaycan XİN rəhbərinin müavini Elnur Məmmədov "Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirdə deyib. Nazir müavini qeyd edib ki, müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir. 

O, həmçinin vurğulayıb ki, Azərbaycan sülhün prinsiplərini işləyib hazırlayıb: 

"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində maneələrdən danışdıqda qeyd edilməlidir ki, 30 il Azərbaycan əraziləri Ermənistan işğalı altında olub. 2020 və 2023-cü illərdə ərazilərimiz işğaldan azad ediləndən sonra isə Ermənistana sülh barədə təkliflərimizi göndərmişik. Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq". 

Elnur Məmmədov bildirib ki, sülh müqaviləsinin imzalana bilməməsinin səbəblərindən biri masa arxasında Ermənistan nümayəndə heyətinin üzvlərinin fərqli mövqelərdən çıxış etməsidir: 

"ABŞ, Rusiya, Qazaxıstanda sülh üçün danışıqlar aparılıb. Ancaq sülhün imzalanmasında maneə nədir ki, dayanıqlı sülh əldə olunmur?

Birinci maneə odur ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunmasıdır. İkinci maneə isə masa ətrafında oturduqda Ermənistanın deliqasiyaları fərqli mövqeləri müdafiə ediblər". 

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hazır olması barədə hər iki tərəfdən məlumatlar gəlir: 

“Xüsusən Ermənistan tərəfi sülh müqaviləsinin az qala masa üzərində imzalamağı gözləməsi barədə bəyanatlar verirlər. Amma ortalığa sual çıxır. Əgər sənəd imzalanmağa hazırdırlarsa, bəs nəyi gözləyirlər və ya imzalanmaya mane olan nədir? Təbii ki, hər iki tərəf sülh müqaviləsinə daxil olan maddələrin razılaşdırıldığı barədə bəyanat verərkən, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə olan iddianın necə həll olunduğu barədə susurlar. 

Düşünürəm ki, bu problem hələ qalır. Çünki Ermənistanda konstitusiya dəyişikliyi baş verməyib və Azərbaycan bu düzəlişin edilməsi barədə tələbindən əl çəkməyib. Belə olan halda müqavilənin imzalanmağa hazır olması barədə verilən bəyanatlar yumşaq desək, həqiqətə uyğun deyil”. 

Bu istiqamətdə aparılan danışıqların nə zaman başlayacağına gəlincə, ekspert hesab edir ki, yeni il tədbirləri və Donald Trampın vəzifəsinin icrasına başlamasından sonra bu sahədə canlamanın şahidi olacağıq. 

Yunis Abdullayev 
“Cebheinfo.az”