Bakıda “plana düşən” ərazilər: “Alatava”dan sonra hara söküləcək?
Alatava 1 qəsəbəsində (Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib.
Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib. İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işləri başlayacaq:
“Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamladıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”.
Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binaların inşa olunacağını qeyd edib.
Xatırladaq ki, ötən il Bakı şəhərinin yeni Baş Planı sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış planın görüntüləri də yayılmışdı. Görüntülərdən aydın olub ki, paytaxtda 2040-cı ilə qədər 54 kilometrlik tramvay xətti çəkiləcək və Bakı Metropoliteninin stansiyalarının sayı 47-yə çatdırılacaq. Həmçinin Böyükşor gölünün ətrafında istirahət zonası salınacaq.

Qeyd edək ki, Baş Planda paytaxtın 213500 hektarlıq bütün inzibati ərazisi əhatə olunub. Almaniyanın şəhərsalma şirkəti ilə birlikdə işlənilmiş yeni Baş Plan konsepsiyasında paytaxtın 2040-cı ilədək olan dövr üçün inkişaf prioritetləri müəyyən olunub. Bəzi mütəxəssislər isə hesab edir ki, Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş Planına əsasən, paytaxtda 122 minə yaxın ev söküləcək.
Bakıda söküləcək, yəni el dili ilə desək, “plana düşən” daha hansı ərazilər var?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Cebhe.info-nun əldə etdiyi məlumata görə, quruma tikintiyə icazə üçün müraciət daxil olduğu zaman həmin ünvanda gələcək layihələndirmədən danışmaq mümkündür:
“Ekspertlərin isə 122 minə yaxın evlə ilə səsləndirdiyi fikir yalnışdır”.
Bakı Şəhər İcra Hakimiyyətindən isə bu prosesin yerli icra hakimiyyətləri tərəfindən həyata keçirildiyi bildirilib.
Yasamal rayon İcra Hakimiyyətindən qeyd olunub ki, rayon ərazisində gələcək söküntü-tikinti layihələri barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə edilməlidir.
Memar Cahid Həsənov isə Cebhe.info-ya bildirdi ki, paytaxtda söküləcək olan digər ərazilər var:
![]()
“Belə ərazilərdən biri “Papanin”, “Kubunka” idi ki, pandemiya ilə bağlı bu proses gecikdi. Belə sıx, köhnə ərazilərin sökülməsi məqsədəuyğundur. Məsələn, “Sovetski”ni göstərmək olar. Ancaq “Sovetski” nin də qalan ərazisi söküləcək. İlk mərhələdə bunlardır”.
Memar onu da bildirdi ki, Bakıda sovet dövründən qalan “xruşovka”ları da nəzərə alsaq, söküləcək binaların sayı 122 minə yaxındır. Lakin bunlar təbii ki, mərhələ ilə həyata keçiriləcək.
Nigar Abdullayeva
Cebhe.info

