3 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilib
8 iyun 2026-cı il tarixində “XXI Əsrin Qadınları” İB “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi çərçivəsində Binəqədi rayonu, R.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, tədbirdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovnik- leytenantı Emin Əsədov, “XXI Əsrin Qadınları” İB-nin sədri, layihənin rəhbəri Mahirə xanım Əmirhüseynova, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, R.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Almaz Həsrət, məktəbin müəllimləri və X-XI sinif şagirdləri iştirak ediblər.
Görüşün əvvəlində Almaz Həsrət çıxış edərək məktəbin şagirdlərilə görüşə gəldikləri üçün qonaqları salamlayıb.
Sonra isə tədbirdə layihə rəhbəri Mahirə Əmirhüseynovaya çıxış edib . O, qeyd edib ki, insan alverinin potensial qurbanı ola biləcək həssas əhali qrupları ilə sosial işin aparılması və onların maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə rəhbəri olduğu İB tərəfindən müxtəlif təhsil müəssisələrində və ictimai platformalarda mütəmadi maarifləndirici tədbirlər təşkil edirlər.
Bundan başqa Mahirə Əmirhüseynova çıxışında sosial şəbəkələrdə, sosial platformalarda insanların, xüsusilə də məktəblilərin aldadıcı vədlərlə bu yola təhrik olunması barəsində geniş maarifləndirici bilgilər verdi.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovnik- leytenantı Əsədov Emin isə çıxışı zamanı insan alverinə qarşı mübarizənin istiqamətlərindən geniş danışdı.
Polis polkovnik-leytenantı Emin Əsədov bildirdi ki, bu cinayət növünə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyətin bütün üzvlərinin, o cümlədən təhsil sektorunda fəaliyyət göstərən qurumların fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Emin Əsədov qeyd etdi ki, təhsil sahəsində çalışan və oxuyan şagirdlərin sosial platformalarda və real həyatda insan alverinin əlamətlərini tanıması, risklərin vaxtında müəyyənləşdirilməsi və aidiyyəti qurumlara məlumat verməsi bu cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. O, şagirdləri insan alveri ilə bağlı maarifləndirmə tədbirlərində fəal olmağa və bu istiqamətdə əldə etdikləri bilikləri fəaliyyətlərində tətbiq etməyə çağırıb. Polis polkovnik-leytenantı həmçinin vurğulayıb ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, profilaktik və maarifləndirici layihələr genişləndirilir. Onun sözlərinə görə, belə layihələr şagirdlərin və təhsil sahəsində çalışanların məlumatlılığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. O, insan alveri ilə mübarizənin hüquqi əsasları və bu sahədə vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verdi. Emin Əsədov çıxışında qeyd etdi ki, insan alverinə qarşı effektiv mübarizənin əsas şərtlərindən biri hüquqi maarifləndirmənin gücləndirilməsi və cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılmasıdır.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb, insan alveri ilə mübarizədə ictimai məlumatlılığın artırılmasının vacibliyi vurğulanıb.
Sonda mövzu ilə bağlı maarifləndirici video da şagirdlərə nümayiş olunub.
Qeyd edək ki, “Qaranlıqdan İşığa: İnsan Alverinə Qarşı Maarifləndirmə və Dəstək” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
"Cebheinfo.az"


