"Bələdiyyə fəaliyyəti – problemlər, perspektivlər” layihəsi həyata keçirilir
D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyə fəaliyyəti – problemlər, perspektivlər” adlı layihənin icrasına başlayıb.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, 4 ay müddətində həyata keçiriləcək layihə Yardımlı, Biləsuvar, Lerik, Xaçmaz, Qusar, Qazax, Ağstafa, Bakı şəhərinin Yasamal və Səbail rayonları, eləcə də Abşeron rayonunu əhatə edəcək.
Layihənin əsas məqsədi bələdiyyə fəaliyyətinin genişləndirilməsi, bu sahədə mövcud problemlərin və gələcək perspektivlərin araşdırılması, bələdiyyə-vətəndaş və bələdiyyə-sahibkar münasibətlərinin inkişafına dəstək göstərilməsidir.
Layihə çərçivəsində regionlarda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, maliyyə dayanıqlığının artırılması, layihə təkliflərinin və maliyyə hesabatlarının hazırlanması sahəsində bilik və bacarıqların gücləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, bələdiyyələrin regionların sosial-iqtisadi inkişafında rolunun artırılması, yerli problemlərin həllində əhalinin iştirakının genişləndirilməsi və insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəsində bələdiyyələrin imkanlarının artırılması əsas istiqamətlərdəndir.
Layihə çərçivəsində ümumilikdə 10 seminar-treninq keçiriləcək. Tədbirlərə 200 nəfər bələdiyyə üzvü və bələdiyyə əməkdaşının cəlb olunması planlaşdırılır. Seminarlar interaktiv formada təşkil ediləcək, iştirakçılar kiçik qruplarda işləyərək regionlarda mövcud sosial problemlər üzrə layihə təklifləri hazırlayacaqlar.
Təlimlər zamanı bələdiyyə fəaliyyəti ilə bağlı qanunvericilik və praktiki məsələlər, bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətləri, maliyyə mənbələrinin tapılması, qrant və layihə imkanları, müsabiqə və tenderlərdə iştirak, hesabatlılıq və sosial problemlərin həllinə icma üzvlərinin cəlb olunması kimi mövzular müzakirə ediləcək.
Layihənin sonunda 200 nəfər bələdiyyə təmsilçisinin qrant qanunvericiliyində və Nazirlər Kabinetinin qrant fəaliyyəti ilə bağlı qərarlarında edilmiş dəyişikliklər barədə məlumatlandırılması, layihə təklifləri və hesabatların hazırlanması üzrə biliklər əldə etməsi gözlənilir.
Bundan əlavə, layihə nəticəsində bələdiyyə-vətəndaş münasibətlərinin yaxşılaşmasına, bələdiyyə-sahibkar əməkdaşlığının inkişafına, bələdiyyələrin əhalinin məşğulluğunun təmin olunmasında və sosial xidmət sahəsində daha fəal iştirakına töhfə veriləcəyi nəzərdə tutulur.
"Cebheinfo.az"


