Əməkhaqqı 15 faiz artıb: Mobil operator isə qiyməti iki dəfə qaldırıb

Əməkhaqqı 15 faiz artıb: Mobil operator isə qiyməti iki dəfə qaldırıb

Son aylarda Azərbaycanda ərzaq qiymətlərində artım müşahidə olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz, qeyri-ərzaq məhsulları 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 10,4 faiz bahaşıb. Bildirilir ki, 2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 faiz təşkil edib. Bununla yanaşı, ölkədə fəaliyyət göstərən mobil operatorlar da tariflərdə dəyişiklik edib.

Xəbər verdiyimiz kimi, "Nar Mobile" yanvar ayının 10-dan "Unikal" tarifində şəbəkəxarici zənglərin bir dəqiqəsinin qiymətini 4 qəpikdən 6 qəpiyə qaldırıb.

Cebhe.info xəbər verir ki, sözügedən mobil operator yanvar ayından abunəçilərin balansından aylıq “Buraxılmış zəng” xidməti üçün 10 qəpik əvəzinə 20 qəpik çıxıb. Yəni bu xidmətin qiyməti ikiqat bahalaşıb.

Bundan başqa “Nar Mobile” digər tariflərdə də qiymətləri qaldırıb. Yanvar ayının 10-dan “Limitsiz” tarifinə gündəlik abunəliyin qiyməti 0.33 AZN-dən 0.40 AZN-ə yüksəlib. Bu isə tarif qiymətinin təxminən 22 faiz bahalaşması deməkdir. “Unikal” tarifində şəbəkəxarici danışıq qiymətlərinin 4 qəpikdən 6 qəpiyə artırılması ilə tarif qiyməti 33 faiz bahalaşıb. Qeyd edək ki, yanvar ayından ölkədə minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb.

Günay Şahmar
Cebhe.info