Mikro və ya kiçik sahibkarlıq: “Ciddi şəkildə təhlükə...”

Mikro və ya kiçik sahibkarlıq: “Ciddi şəkildə təhlükə...”

Ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi keçirilib.

Gələn ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 %-i qədər deyil, 20 %-i qədər vergi ödəyəcəklər, başqa sözlə, onlar üçün 75 %-lik vergi güzəşti və azadolma tətbiq edilməyəcək.

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Bu layihə ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Bəs bu dəyişikliklər mikro və ya kiçik sahibkarların fəaliyyətinə necə təsir edəcək? 

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Razi Abbasbəyli deyib ki, bu dəyişiklik şəffaflığın təminatına yönəlib:

"Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif olunub. Bu dəyişikliklər gəlir vergisinin mikro sahibkarlar üçün 5 faizdən 20 faizə qədər artırılmasıdır. Burada ümumi illik dövriyyəsi 200 min manata və əsasən də 3 nəfərə qədər işçisi olan mikro sahibkarların fəaliyyətindən söhbət gedir. Hökumət məqsədli şəkildə bir sıra şəffaflıq mexanizmlərini tətbiq etməyə, buna nail olmağa çalışır.

Əlbəttə ki, dəyişiklikdə müəyyən mənada haqlı tərəflər var. Çünki iri şirkətlər kiçik, mikro sahibkarlarlıq subyektləri yaradaraq 200 min manata qədər dövriyyə formalaşdırırlar və aşağı hədlə 5 faizlik vergi ödəyirdilər. Bu, vergidən yayınma halları, vergi yığımına mənfi təsir göstərirdi.

Hökumət hesab edir ki, bu şəkildə tətbiq edilmə doğru deyil, ona görə də şəffaflıq prinsipləri pozulur, hələlik Vergi Məcəlləsinə belə bir təklif irəli sürülüb". 

İqtisadçı bildirib ki, dəyişiklikdən ən çox əziyyət çəkə biləcək kateqoriyalar bir nəfərlik xidmət sektorunda fəaliyyət göstərən fəal sahibkarlar olacaq:

"Yəni mikro sahibkarlar bir nəfərdən ibarətdir. Məsələn, bir nəfər VÖEN əsasında vergi ödəyicisi qeydiyyatındadır və fəaliyyət növü kimi xidmət sektorunu seçib. Yaxud da montajçılar, rəssamlar və digər bu kimi qəbildən olan təkadamlıq fəaliyyət sahələri formalaşdırıb xidmət edən mikro sahibkarlardır.

Say 3 nəfərə yaxın ola bilər və yaxud da kiçik bir ailə təsəvvür edin ailədə 3 nəfər var, kiçik bir şirniyyat və ya çörək bişirmə sexi yaradıblar. Üç nəfərlik ailə üzvləri orada işlə təmin olunub və bunların dövriyyəsi 200 min manata yaxın deyil. Onlar real olanlardır və bu real faktlar gəlir vergisinin 20 faizə qədər artırılması həmin ailənin, dediyimiz bərbərin, təkbaşına xidmət göstərən sahibkarın sahibkarlıq subyektinin sıradan çıxmasına səbəb olacaq. Bu da təhlükəli məsələdir. 

Kiçik sahibkarlıq subyektlərinin sıradan çıxması böyüklərin formalaşmasını sürətləndirəcək. Biz bura kiçik məhəllə dükanlarını və yaxud hansısa formada fəaliyyət göstərən, satış həyata keçirən meyvə-tərəvəz, kənd təsərrüfatı məhsulları, ət və süd məhsulları satan və vergi ödəyicisi kimi qeydiyyatda olan şəxsləri də daxil edə bilərik. 

Hətta orada 2 nəfər ailə üzvü çalışırsa, gəlir vergisi 20 faiz təyin edilibsə, bunun üzərinə 10 faiz də sosial ödənişləri, məcburi qaydada tutulmaları əlavə etsək 30 faizə yaxın edəcək. 30 faiz də aşağı dövriyyəsi, yəni illik 50 min dövriyyəsi olan bir şəxs üçün gəlirinin təxminən 30 faizini, yəni 15 min manatını vergi olaraq ödəməlidir. Bu da onun gəlirlərinin nə qədər azaldığına gətirib çıxaracaq”. 

Razi Abbasbəyli özünüməşğulluq dövlət proqramları çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara da mənfi təsir edəcəyini bildirib: 

"Bir məsələni qeyd etmək istəyirəm ki, özünüməşğulluq proqramına cəlb edilmiş vətəndaşlar əsasən 1-2, ən yaxşı halda 3 nəfərdən ibarət məşğulluq subyekti yaradırdılar və fəaliyyət göstərirdilər.

Bu insanlar dövlətin dəstəyi ilə bir nəfərlik avtoyuma məntəqəsi, dərzilik və s. məşğulluq subyekti yaradıblar. Bunlar sosial dəstək proqramı ilə vergi ödəyicisi olaraq mikro sahibkar kimi fəaliyyət göstərirlər. Bunların yükü 2 il öncəyə qədər Bakı şəhəri üçün 4, regionallar üçün 2 faiz sadələşdirilmiş vergi üzrə gəlir vergisinin həcmi idi. 2 il bundan öncə bütün respublika üzrə 5 faizlik hədd müəyyən olundu. 

Məsələn, 2 il bundan əvvələ qədər 1000 manatlıq gəliri olan 20 manat gəlir vergisi ödəyirdisə, bundan sonra 5 faiz edərək 50 manata qaldırdılar. İndi təklif olunan 20 faizsə 1000 manat gəlirdən 200 manat gəlir vergisi ödəmək deməkdir. 10 faiz də bayaq dediyimiz sosial ödənişləri gəlsək artıq 1000 manatın 300 manatını vergi halında geri qaytarmış olacaqlar.

Bu həm də özünüməşğulluq proqramına cəlb edilmiş fəal mikro sahibkarlıq subyektlərinin işini ciddi şəkildə təhlükə altına atacaq. Bir dövlət proqramının taleyinə ciddi təsir yarada biləcək təklifdir. Düşünürəm ki, məsələ müzakirə mərhələsindədir, bir sıra korrektələr edilər". 

Günay Şahmar 
Cebhe.info