Müəllimlərin sertifikasiya müsahibəsinin vaxtı məlum oldu

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.
Bildirilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.
Qeyd edək ki, 8 sentyabr tarixindən etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.
Xatırladaq ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular 18 avqust tarixində müəllimlərin şəxsi kabinetilərinə göndərilib. Müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Müsahibə mərhələsində müəllimlər kompüterlə onlayn olaraq komissiya üzvlərinin suallarına cavab verəcəklər.
Müsahibə mərhələsi hər bir müəllim üçün maksimum 20 dəqiqə sürəcək.
Qaydalara görə, sertifikasiyanın müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndiriləcək:
- proqram üzrə mövzunu təqdimetmə bacarığı;
- təhsilalanları qiymətləndirmə bacarığı;
- özünü təqdimetmə bacarığı;
- pedaqoji prosesi təşkiletmə bacarığı;
- ünsiyyət bacarığı.
Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür.
Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:
- proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli;
- təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 (iki) misli;
- ünsiyyət bacarığı üzrə toplanılan balların 1 (bir) misli.
Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.
Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.
Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.
Xatırladaq ki, 2023-cü ilin 20-24 iyun tarixlərində Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirlib.
Cebhe.info