Quru sərhədlərin bağlı olmasından hansı sahə qazanır? 

Quru sərhədlərin bağlı olmasından hansı sahə qazanır? 

“Sərhədlərin açılmasının iqtisadi aktivliyə, əmtəə və xidmətlərin idxal və ixracına təsirləri ilə bağlı qiymətləndirməmiz yoxdur”. 

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. Bununla belə, Taleh Kazımov qeyd edib ki, məsələnin əhəmiyyətini nəzərə alaraq növbəti təhlillərində bu təsirləri araşdıracaqlar: 

“Sərhədlərin bağlı qalmasının dövlət büdcəsinə, turizm sektoruna xeyri çox olub”. 

Bununla belə, Taleh Kazımov qeyd edib ki, bunun dəqiq statistika onlarda yoxdur: 

“Amma bununla bağlı təhlil aparmaq qərarına gəldik”. 

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə deyib ki, ümumilikdə proqnoz nöqteyi-nəzərindən sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır. 

Qeyd edək ki, pandemiya səbəbindən bağlanan quru sərhədləri artıq bir neçə il keçməsinə baxmayaraq, hələ də açılmayıb. Hazırda Azərbaycan, quru sərhədləri bu səbəbdən bağlı olan yeganə ölkələrdəndir. Bu isə ölkədə müxtəlif sahələrə öz mənfi təsirini göstərir. 

Maraq doğuran isə odur ki, ötən illər ərzində hələ də sərhədlərin açılmasının iqtisadi aktivliyə təsiri ilə bağlı heç bir qiymətləndirmə aparılmayıb. Eləcə də sərhədlərin bağlanmasının büdcəyə xeyrinin proqnozdan aşağı olması quru sərhədlərinin bağlı olmasının müsbət amil olmadığının göstəricisidir.

Quru sərhədlərinin bağlı olmasının ölkəmizdə ən müsbət göstəricisi kimi turizm sektoruna təsiri göstərilsə də qeyd edək ki, bu sektorda ötən dövrdə heç bir ciddi irəliləyiş müşahidə edilməyib. 

Xatırladaq ki, quru sərhədlərinin açıq olması eyni zamanda bir çox vətəndaşların, o cümlədən sərhədyanı bölgələrdə yaşayan əhalinin dolanışığı üçün əsas amillərdən biri idi. 

Mövcud qiymətləndirmələri nəzərə alsaq, quru sərhədlərinin bağlı olmasından dövlət büdcəsi nə qazanır? 

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildiriv ki, quru sərhədlərinin bağlı olması ilə bağlı iqtisadi kateqoriyaya aid fikirlərin səslənməsi ilk növbədə hüquqi cəhətdən dəyərləndirilməlidir: 

“Yəni quru sərhədlər hətta müəyyən üstünlüklər qazandırsa belə, mən bununla razı deyiləm. Çünki turizmə, sərhədyanı ticarətə böyük ziyan vurur. Ölkəmizdə normal hesablamalar da yoxdur ki, quru sərhədlərinin bağlı olması dövlət büdcəsinə nə qədər ziyan və yaxud da xeyri olub. Bu istiqamətdə açıqlamalar yoxdur.

Belə fikir səsləndirirlər ki, sərhədlərin bağlı olması daxili turizmə müsbət təsir edir. Bu isə rəqəmlərdə görünmir. Nə vergilərin daxil olması, nə də obyektlərin doluluq faizi rəsmi olaraq artıb. Bütün bunlar hesablanmalı məsələlərdir. Reallıq odur ki, gömrük orqanlarına mənfi təsir göstərir.

Çünki sərhədyanı ticarətin 3 ildən çoxdur dayanması ona gətirib çıxarıb ki, sərhədyanı ticarət zamanı kiçik də olsa gömrük rüsumlarının ödənilməsi zamanı problemlər yaşanır”. 

Ekspert bildirib ki, bu, gömrük orqanlarının büdcəyə ödənişinə də təsir göstərir: 

“Yəni sərhədyanı ticarətdə ödəniş olaraq böyük rəqəmlər yox idi, ancaq istər-istəməz gömrük orqanlarının vəsait toplamasına yardım edirdi. Hər halda bu, hüquqi nöqteyi nəzərdən dəyərləndirilməlidir. Quru sərhədlərin açılması  həllini tapmalıdır”. 

Nigar Abdullayeva 
Cebhe.info