Supermarketlərdə də “Keşlə malları” satılır?

Supermarketlərdə də “Keşlə malları” satılır?

Bakının Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkar edilib. 

“Cebhe.info” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən bildirilib ki, həmin ünvanda Baş idarə tərəfindən həyata keçirilən operativ nəzarət tədbiri zamanı müxtəlif ticarət nişanlarını və onların qablaşdırmalarını saxtalaşdırmaqla naməlum tərkibli kimyəvi və yuyucu məişət vasitələrinin, aksiz markası ilə markalanmadan və ya saxta aksiz markalarından istifadə etməklə spirtli içkilərin istehsalı, saxlanılması və satışının həyata keçirilməsi halları müəyyənləşdirilib. 

İstehsal sahəsinə keçirilmiş baxış zamanı qida məhsulları ilə kimyəvi məişət vasitələrinin istehsalının paralel şəkildə və bəzən bir-birinə qarışmaqla həyata keçirildiyi, sanitar normaların kobud surətdə pozulduğu, bununla da əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıldığı təsbit olunub. Hazırlanmış saxta məhsulların kiçik mağazalar, eyni zamanda, ölkənin bölgələrində yerləşən satış nöqtələri vasitəsilə istehlak bazarlarında reallaşdırılması nəzərdə tutulurdu. 

Qeyd olunub ki, aşkar olunmuş hallarla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır. Müvafiq sənədləşmələr həyata keçirildikdən sonra saxta məhsullar müsadirə olunub. Nəzarət tədbirləri zamanı müəyyən edilmiş faktlarla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məlumat verilib. 

Görəsən, həmin məhsullar yalnız kiçik mağazalara satılıb, yoxsa iri ticarət mərkəzlərində, supermarketlərdə də onlara rast gəlmək olar?

 Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cebhe.info”-ya bildirib ki, bu tip malları istehsal edən yerli müəssisələr və eləcə də idxalçılar var:

“Dövlət hər zaman bununla bağlı mübarizə tədbirləri görür. Bu tip hallar baş verdiyi an mübarizə aparmağa çalışır. Lakin adıçəkilən qurumların apardığı mübarizə yetərli deyil.

Mən hətta deyərdim ki, dənizdə bir damla qədər azdır. Çünki dövlət qurumları biznes fəaliyyəti ilə məşğul olan sahibkarlara toxunulmazlıq yaradıb. Hansı sahibkar nə istəyirsə, onu da edə bilir. Çox güman ki, iri supermarketlərə də həmin məhsulları veriblər. Bu isə özlüyündə yolverilməzdir və insan sağlamlığı üçün, təhlükəlidir”.

Ekspert bildirib ki, yalnız qida məhsullarına müəyyən qədər nəzarət var:

“Orada da kifayət qədər nöqsanlar mövcuddur”. 

Həmsöhbətimiz qeyd edib ki, bu tip hallarla ən effektiv mübarizəni Daxili İşlər Nazirliyi apara bilər: 

“Mən istisna etmirəm ki, Daxili İşlər Nazirliyinin əməkdaşları kustar üsüllarla məhsul istehsal edən sahibkarlara qarşı mübarizə aparır. Tək DİN-nin əməkdaşları deyil, eyni zamanda, vətəndaşlar da bu tip hallarla rastlaşdıqda, dərhal aidiyyəti qurumları məlumat verməlidir”. 

Həsən Məmmədov 
“Cebhe.info”