Xaricə getməyə ehtiyac yoxdur: Ürək, böyrək, ciyəri də Azərbaycanda köçürmək olacaq

Xaricə getməyə ehtiyac yoxdur: Ürək, böyrək, ciyəri də Azərbaycanda köçürmək olacaq

Azərbaycanda orqanların canlı donorla yanaşı meyitdən köçürülməsi ilə bağlı qanun layihəsi qəbul olunub.

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

Yeni qanun qəbul olunanadək ölkəmizdə canlı donorlar resipiyentin yalnız qohumu olmalı idilər. Ötən ildən etibarən isə qohum olmayan şəxslər də canlı donor ola bilərlər. Yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bildirməlidir. Qanunla hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır.Qanunun 10-cu maddəsində göstərilir ki, orqan donorluğu və transplantasiya sisteminə orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası daxil edilməlidir. Bu səbəbdən Səhiyyə Nazirliyinin nəzdində qohum olmayan şəxslərin donorluğuna nəzarət üçün Etika Komissiyası fəaliyyət göstərəcək.

Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir.

Lakin ölkəmizdə qohum olmayan şəxslərin donorluğu könülllülük prinsipinə söykənməlidir.

Milli Məclisin deputatı Musa Quliyev Cebhe.info-ya açıqlamasında komissiyanın yaradılmasını qanundan irəli gələn məsələlərin həllindəki müsbət irəliləyiş kimi qiymətləndirib:

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” ötən il yeni qanun qəbul olundu. Bu qanun imkan verir ki, qohum olmayan şəxslərdən, eyni zamanda meyitdən də orqan donorluğu götürülməsi tətbiq olunsun. İşin texniki tərəfini təşkil etməkdən ötrü Səhiyyə Nazirliy və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) müəyyən işlər görməyə başlayıblar. ümumi əsaslar qanunda var. Etika Komissiyasının yaranması müsbət addımdır və həmin komissiyasının rəyi əsasında canlı donordan qohum olmadığı halda təmənnasızlıq prinsipi əsas götürülərək orqan götürülməsinə icazə və imkan yaradılacaq”.

Milli Məclisin üzvü meyitdən donor kimi istifadə olunmasının vacibliyini qeyd edib:

“Burada əsas məsələ donor kimi meyit orqanlarından istifadəsi olunmasının mümkünlüyüdür. Bu, çox vacibdir. Dünyada orqan köçürülməsi əməliyyatlarında 80-85 faizi meyitdən donor kimi istifadə olunur. Canlı insanın hansısa orqanının götürülməsi istənilən halda risklidir. Ona görə də müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi ondan ibarət olmalıdır ki, yeni qanunda meyitdən orqan götürülməsi məsələsinin texniki və praktiki tərəflərini qısa müddətdə həll eləsinlər. Azərbaycanda donorluğun inkişafına böyük təkan olacaq”.

Deputat azərbaycanlıların qohum donor tapmadığı halda xarici ölkələrə getməsinə də münasibət bildirib.

Onun sözlərinə görə, orqan satışı həyata keçirən ölkələrdə orqan tapmaq mümkündür:

“İranda orqan satışına icazə var. Xüsusilə, böyrək satışına İran və Hindistanda icazə verilir. Ola bilsin bəzi hallarda bu imkanlardan istifadə edirlər, bəzi hallarda meyitdən orqanı götürüb xarici vətəndaşlara sata bilirlər. Bu, bəzi ölkələrin təcrübəsində var. Amma indiki halda ölkəmizdə canlı və qohum olunan şəxsdən orqan götürülməsi mümkündür. Yaxın vaxtlarda bu qanunun tam tətbiqi ilə əlaqədar meyitdən və qohum olmayan şəxslərdən də donor orqanı götürülməsi mümkün olacaq. Qanun qüvvəyə minib. Qanunun icrası ilə əlaqədar Prezidentin sərəncamı da var. Bununla bağlı müvafiq qurumlara, o cümlədən Səhiyyə Nazirliyinə tapşırıqlar da verilib”.

Xatırladaq ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna görə, ürək, ağ ciyər (ürək - ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.

Günay Şahmar
Cebhe.info