Quba rayonunda “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərivəsində icra olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsinin növbəti tədbiri Quba rayonunun Dağlı kəndində təşkil olunub.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, Quba rayonu Dağlı kənd tam orta ümumtəhsil məktəbinin idman zalında keçirilən tədbirdə Quba rayonunun Qımıl, Üçgün, Küpçal, Qələdüz, Dağlı, Digah, Alpan və Susay kəndlərindən olan 40 nəfər yeniyetmə və gənc müəllim 8 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının, Qarabağda formalaşmış görkəmli tarixi şəxsiyyətlərinin fəaliyyətinin, eyni zamanda Qarabağ tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, Qarabağda aparılan abadlıq-quruculuq işlərinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliğ edilməsi olduğunu bildirib.
Rəsmi hissədə çıxış edən qonaqlar - Quba rayonu Dağlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Üzeyir Muradlı, “Hədəf nəşrləri” qurumunun əməkdaşı Pərivz Muradov tədbirin yeniyetmə və gəncləri vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində böyük əhəmiyyət daşıdığını qeyd edərək bu qəbildən olan layihələrin davamlı icra edilməsinin vacib olduğunu vurğulayıblar. Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Üçgün kəndini təmsil edən “Odlar Yurdu” komandası qazanıb. Dağlı kəndini təmsil edən “Ekipaj” və Alpan kəndini təmsil edən “Zirvə” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq final mərhələsində oynamaq hüququ əldə ediblər.
Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Konstitusiya və Suverenlik ili”nə həsr olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə çərçivəsində bu günə qədər Quba rayonunun 4 müxtəlif kənd zonasında keçirilən tədbirlərdə ümumilikdə 165 nəfər yeniyetmə və gənc iştirak edib. Layihənin növbəti mərhələlərində daha 2 kənd zonasında seçim turları keçiriləcəkdir.
"Cebheinfo.az"