Azərbaycandan qəti mövqe: “Bu tələb yerinə yetirilmədən sülh müqaviləsi imzalanmayacaq”

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri zamanı verdiyi açıqlamalar bir sıra mühüm geosiyasi və hüquqi aspektləri gündəmə gətirib.
Xüsusilə də Ermənistanla münasibətlərin gələcək taleyi, sülh müqaviləsinin imzalanması prosesinin niyə bu qədər uzandığı və əsas maneələrin nədən ibarət olduğu ictimai və siyasi diskussiyalarda yeni mərhələyə keçidi göstərir.
Prezidentin çıxışında konstitusiyaya dəyişiklik başda olmaqla Ermənistanın öhdəliklərdən yayınması, ATƏT-in Minsk qrupunun formal ləğvi, işğalda qalan Azərbaycan kəndləri və təzminat kimi vacib detallara toxunulması bu istiqamətdə Azərbaycanın mövqeyinin nə qədər prinsipial və ardıcıl olduğunu bir daha təsdiqlədi.
"Azərbaycan Prezidenti cənab İlham Əliyev Macarıstana səfəri zamanı çıxışında bir sıra önəmli məsələlərə toxundu və bu məsələlər arasında Azərbaycan-Ermənistan münasibətləri də xüsusi yer tutdu. Ermənistan təxminən 30 il ərzində Azərbaycanın torpaqlarını işğal altında saxladı.
Həmin dövrdə problemin beynəlxalq platformada, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həll olunacağına ümid vardı. Lakin təəssüf ki, bu vasitəçilik missiyası tamamilə fəaliyyətsiz və nəticəsiz oldu. Faktiki olaraq, Minsk qrupu məsuliyyətsiz və cinayətkarcasına passivlik nümayiş etdirərək münaqişənin daha da uzanmasına şərait yaratdı".
Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, millət vəlili Arzuxan Əlizadə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu yanaşmanın arxasındakı məqsəd işğal faktını zamanla unutdurmaq və həmin ərazilərin Ermənistanın xeyrinə rəsmiləşdirilməsinə nail olmaq idi:
"Bu, vasitəçilik adı altında aparılan oyun idi. Lakin Azərbaycan xalqının güclü siyasi iradəsi bu planı puç etdi. Nəticə etibarilə, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan öz gücü, qətiyyəti və birliyi ilə tarixi qələbə qazandı, problemi öz gücü ilə həll etdi. Dövlət başçısı bildirdi ki, müharibədən dərhal sonra Azərbaycan tərəfi sülh müqaviləsinin hazırlanması və imzalanması təşəbbüsü ilə çıxış edib.
Həmin müqavilənin mətni də beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanaraq hazırlanaraq Ermənistan tərəfinə təqdim olunub. Bu prinsiplər çərçivəsində irəli sürülmüş təkliflərdən Ermənistan geri çəkilə bilməz. Amma reallıq odur ki, artıq 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, sülh müqaviləsi hələ də imzalanmayıb. Bu da çox ciddi səbəblərdən qaynaqlanır. Ən başlıca səbəb Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmasıdır. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, əgər bu iddialar qanunvericilik səviyyəsində ləğv edilməsə, sülh müqaviləsinin imzalanması mümkün olmayacaq.
Bu, həm hüquqi, həm də siyasi baxımdan məntiqli və beynəlxalq hüquqa uyğun mövqedir. Axı ərazi iddialarını konstitusiyasında saxlayan bir dövlətlə necə sülh müqaviləsi imzalamaq olar? Prezident onu da vurğuladı ki, faktiki olaraq fəaliyyətsiz olan ATƏT-in Minsk qrupu de-fakto deyil və artıq de-yure şəkildə də ləğv edilməlidir. Bunun üçün həm Azərbaycan, həm də Ermənistan tərəfinin rəsmi müraciəti tələb olunur. Ermənistan bu məsələdə də öz mövqeyini ortaya qoymalıdır."
Millət vəkili bildirib ki, Azərbaycanın digər haqlı tələbləri də var:
"Məsələn, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklər hələ də yerinə yetirilməyib. Eyni zamanda, Qazax rayonunun 3, Naxçıvanın 1 kəndi hələ də Ermənistanın işğalı altındadır və bu ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Prezident, həmçinin vurğuladı ki, Qərbi Azərbaycandan sürgün olunmuş və doğma torpaqlarından didərgin salınmış soydaşlarımızın geri qayıtmaq hüququ tanınmalıdır. Bu, beynəlxalq hüquqa və ədalət prinsiplərinə tam uyğundur.
Azərbaycanın tələbləri arasında Ermənistanın işğal dövründə ölkəyə vurduğu 100 milyardlarla ölçülən ziyanın təzminatının ödənilməsi də var. Əgər bu məsələlər öz həllini tapmasa, sülh müqaviləsindən danışmaq mümkün olmayacaq.
Sonda Prezident İlham Əliyev Azərbaycanın əsas və prioritet tələbini bir daha vurğuladı: Ermənistan Konstitusiyasından Azərbaycana və qardaş Türkiyəyə qarşı olan ərazi iddiaları tam şəkildə çıxarılmalıdır. Bu, Azərbaycan üçün bir nömrəli tələbdir və bu tələb yerinə yetirilmədən sülh müqaviləsinin imzalanması qeyri-mümkündür".
Səbinə Uğur
"Cebheinfo.az"