Sosial şəbəkə səhifələrini almayın: Cərimələnə BİLƏRSİNİZ

Bəzi insanlar sosial şəbəkələrdə səhifə satın alırlar.
Lakin bu alqı-satqı rəsmi şəkildə baş vermir. Yəni, həmin səhifənin başqasına satıldığını göstərən hansısa sübut və ya sənəd olmur. Düzdür, bəzən ödənişlər bank kartına göndərilir.
Bu zaman çek satışın sübutu kimi saxlanılır. Amma əksər vaxtlarda ödəniş nağd şəkildə həyata keçir. Üstəlik, bəzi satın alınan səhifələrin adı da dəyişmir.
Beləliklə, həmin profilin sahibinin dəyişdiyi izləyicilər tərəfindən bilinmir. Bəzi şəxslər isə səhifə almaqdan ehtiyat edirlər. Bu insanlar səhifənin əvvəlki sahibinin keçmişdə yazdığı hansısa rəyin və ya mesajın haçansa onlara problem yarada biləcəyini düşünürlər.
Bəs belə bir ehtimal nə dərəcədə realdır?
Mövzu ilə bağlı vəkil Roman Qaraşov “Cebheinfo.az”-a açıqlamasına bildirib ki, sosial şəbəkə hesablarının satışı və idarəçiliyinin dəyişməsi hüquqi baxımdan ciddi və hələ də kifayət qədər tənzimlənməmiş sahədir:
“Bu hesablar konkret fiziki və ya hüquqi şəxsin adına qeydiyyatdan keçmiş rəqəmsal aktiv sayılır. Onların başqa şəxsə ötürülməsi, satılması və ya lisenziyalaşdırılması, “Facebook”, “Instagram” və “TikTok” kimi platformaların istifadəçi razılaşmalarına əsasən qəti qadağandır.
Məsələn, “Facebook”-un şərtlərində qeyd olunur ki, şirkətin yazılı icazəsi olmadan hesabınızı heç kimə ötürə bilməzsiniz. Eyni zamanda, “Instagram” və “TikTok”-un şərtlərində də bu cür ötürmələr açıq şəkildə qadağan edilir.
Bu o deməkdir ki, sosial şəbəkə hesabının yazılı razılıq olmadan satılması platforma qaydalarının pozulması sayılır. Bu isə hesabın silinməsi və ya hüquqi mübahisələr zamanı alıcının hüquqlarını müdafiə edə bilməməsi ilə nəticələnə bilər”.
Vəkil qeyd edib ki, əgər hesabın əvvəlki sahibinin fəaliyyəti zamanı qanunsuz kontent (insanların marağına səbəb olacaq, bilmək və öyrənmək istədikləri informasiyadır), məsələn, böhtan xarakterli yazılar, müəllif hüquqlarının pozulması, şəxsi məlumatların icazəsiz yayılması və s. səhifədə qalırsa və bu kontent silinmədən yeni sahib tərəfindən istifadə olunursa, bu zaman hüquqi məsuliyyət artıq yeni şəxsin üzərinə keçə bilər:
“Xarici hüquq təcrübəsində bu məsələ ilə bağlı müxtəlif məhkəmə işləri mövcuddur:
ABŞ-də “PhoneDog v. Kravitz” işində keçmiş “Twitter” (indiki "X") hesabının dəyəri və kimə məxsus olduğu mübahisələndirilib, Avropa Ədalət Məhkəsinin “Schrems II” qərarında isə sosial şəbəkə vasitəsilə toplanan şəxsi məlumatların ötürülməsi zamanı məsuliyyət daşıyan tərəfin kimliyi ön plana çıxarılıb.
Almaniya və Fransada isə bu cür səhifələrin kommersiya aktivinə çevrilməsi ilə əlaqədar rəsmi müqavilə bağlanması, hüquqi yoxlama və fərdi məlumatlatların qorunması tələblərinə uyğun hərəkət olunması tələb edilir.
Buna görə də, sosial şəbəkə səhifəsinin alqı-satqısı zamanı hüquqi müqavilə bağlanmalı, keçmiş kontent yoxlanmalı, nəzarət dəyişikliyi ictimai şəkildə elan edilməli və kommersiya məqsədilə istifadə ediləcəksə, müvafiq vergi və hüquqi qeydiyyat həyata keçirilməlidir.Əks halda, həm platforma tərəfindən sanksiyalar tətbiq oluna, həm də əvvəlki hüquq pozuntularına görə yeni sahib məsuliyyət daşıya bilər”.
Elmir Mustafa
“Cebheinfo.az”