Fransa Korsikada əməliyyat keçirdi - VİDEO

Mayın 20-də Fransanın Korsika adasında, Yuxarı Korsika (Haute-Corse) bölgəsində genişmiqyaslı “antiterror əməliyyatı” həyata keçirilib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, əməliyyat Bastia, Pruno, Lucciana və Furiani şəhərlərində aparılıb.
Əməliyyatın rəsmi səbəbi – FLNC-yə qarşı mübarizə
Rəsmi olaraq repressiyalar 2023-cü ilin sonunda guya Korsika ərazisində FLNC (Korsika Milli Azadlıq Cəbhəsi) tərəfindən “törədilmiş” terror aktları ilə bağlıdır.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında Korsikada törədilmiş partlayışlar Fransa Prezidenti Emmanuel Makronun Korsikaya geniş muxtariyyət təklifinə qarşı etirazlar fonunda baş vermişdi. O zaman FLNC və ona yaxın qruplar Makronun bu təklifi rədd edərək, etiraz aksiyalarına başlamışdı. Fransız tərəfinin iddiasına görə, FLNC 2023-cü ilin oktyabrında bir neçə partlayış “törədib”, dekabrın 31-də isə Haute-Corse vilayətinin Borgo şəhərində dövlət idarəsinin (DDETSPP) inzibati binasının qapısına partlayıcı maddə yerləşdirib.
Fransa Milli Antiterror Prokurorluğunun bəyanatı
Fransa Milli Antiterror Prokurorluğu (PNAT) bəyan edib ki, antiterror əməliyyatı istintaq hakiminin qərarı ilə həyata keçirilib və saxlanılanlar “müvəqqəti həbsə alınıb”. O da iddia edilir ki, saxlanılanlar Korsikanın müstəqilliyi və milli azadlığı uğrunda mübarizə aparan qruplarla əlaqəli şəxs kimi tanınan Şarl Piyeriyə yaxın çevrədən olub və məhz onun “təsiri altında” zorakılıqda iştirak edib.
Antiterror əməliyyatı – iki il sonra niyə?
Maraqlı hal odur ki, Fransa “antiterror əməliyyatına” bu hadisələrdən, az qala, 2 il sonra “qərar verib” və bu gün Korsikada müstəqillik hərəkatının 10 nəfər üzvünü həbs edib.
Romadakı konfrans və repressiyaların əsl səbəbi
Rəsmi Parisin yeni repressiya dalğasına start verməsinin əsl səbəbi, təbii ki, başqadır. Fransanı “qəzəbləndirən” mayın 13-də Romada Bakı Təşəbbüs Qrupunun (BTQ) və Korsikanın müstəqilliyi uğurunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı konfransın keçirilməsidir.
Xatırladaq ki, tədbirdə “Nazione” Hərəkatının üzvləri Fransa müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas çağırışlar - Korsika milli kimliyinin və Korsika dilinin Fransa hökuməti tərəfindən məqsədli şəkildə assimilyasiya edilməsi siyasətini kəskin pisləyib, eləcə də qarşılaşdıqları iqtisadi və sosial diskriminasiya faktları diqqətə çatdırıblar. Konfrans zamanı Bakı Təşəbbüs Qrupu və “Nazione” Hərəkatı arasında əməkdaşlıq memorandumu da imzalanıb.
Konfransdan 2 həftə sonra Fransa bölgədə “antiterror əməliyyatı” keçirməyi qərara alıb.
Yerli təşkilatların reaksiyası: “Bu repressiyadır”
Təbii ki, baş verənlər yerli ictimaiyyətdə hiddətlə qarşılanıb. Korsikada müstəqillik və milli azadlıq hərəkatında fəal iştirak “Gjuventù Libera”, “Associu Sulidarità” kimi təşkilatlar həbsləri repressiya kimi qiymətləndirərək saxlanılanlara dəstək ifadə ediblər. Bu təşkilatlar həbslərin siyasi motivli olduğunu və Korsikanın muxtariyyət hərəkatına qarşı yönəldiyini bəyan ediblər.
“Nazione” partiyasından etiraz aksiyası çağırışı
Qeyd edək ki, Nazione partiyası özünün rəsmi Facebook səhifəsində hüquq mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin saxlanılaraq Parisə aparılmasına etiraz olaraq mayın 21-də Bastia Ədliyyə Məhkəməsi qarşısında etiraz aksiyasının keçiriləcəyini elan edib.
"Cebheinfo.az"