800 müraciət, 20 saat iclas: Kimlər nə zaman əfv ediləcək?

Qarşıdan 28 May - Müstəqillik Günü gəlir.
Müxtəlif bayramlar ərəfəsində ölkədə əfv sərəncamının imzalanması ənənə halını alıb. Artıq bir müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilib.
İclaslarda neçə müraciətə baxılıb və əfv sərəncamı nə zaman imzalana bilər?
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, komissiyanın iclasları artıq başa çatıb:
“Üç ay ərzində komissiya gərgin işlədi. Komissiyanın üzvlərinin, katibliyinin iştirakı ilə bütövlükdə 7 iclasımız oldu. İclaslarımız 20 saata qədər davam etdi. Bu müddət ərzində hər bir komissiya üzvü daxil olan müraciətlərlə bağlı öz fikirlərini söyləmək imkanına malik idi. İşgüzar və dəyər yaradan bir mühit var idi. Hər bir müraciət obyektiv araşdırılırdı.
Bütün bu rəylər cənab Prezidentə təqdim olunur. Artıq iclaslar yekunlaşıb və nə zaman əfv sərəncamı veriləcəyi cənab Prezidentin səlahiyyətlərinə aiddir”.
Ə.Nuriyev xatırladıb ki, ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilib:
“Azərbaycanın müstəqillik tarixində çox mühüm bir tarixdır. Bu münasibətlə çoxsaylı tədbirlər həyata keçirilib. İstisna edilmir ki, əfv sərəncamı bununla da bağlı ola bilər. Konkret bir fikir söyləmək də söyləmək düzgün olmazdı. Eyni zamanda, kimlərin adı əfv sərəncamına daxil olacağı və onun nə vaxt imzalanacağı cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir. Sərəncama birlikdə şahid olacağıq. Ümumilikdə 800-ə qədər müraciətə baxılıb”.
Nigar Abdullayeva
“Cebheinfo.az”