Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır
Sumqayıt Dövlət Dram Teatrında Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı tamaşa hazırlanır.
Teatrdan APA-ya verilən məlumata görə, səhnə əsəri yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir.
Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək.Tamaşada Natiq Qasımovun qəhrəmanlığından geniş bəhs edilir.
Tamaşanın premyerası yaxın vaxtlarda baş tutacaq.
Qeyd edək ki, Natiq Qasımov Xocalı rayonunun Pirlər kəndində hərbi əməliyyatlar zamanı altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçü təslim olmağa razılaşır. Lakin o, hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə vermir.
Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
"Cebheinfo.az"