Azərbaycanda ətraf mühitin mühafizəsi: “Cəmiyyət özü də duyarlı olmalıdır”- QHT sədri

Azərbaycanda ətraf mühitin mühafizəsi: “Cəmiyyət özü də duyarlı olmalıdır”- QHT sədri

5 iyunda bütün dünyada Ətraf Mühit Günü kimi qeyd edilir.

Azərbaycanda da ətraf mühitin mühafizəsi, ekoloji məsələlərin həlli diqqət mərkəzindədir və dövlətin prioritet sahələrindən birinə çevrilib. Ölkəmizdə ekoloji maarifləndirmə tədbirlərinin artması, ətraf mühitin mühafizəsi ilə bağlı görülən tədbirlər müsbət nəticəsini verir.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Cebhe.info-ya bildirib ki, çağdaş dövrümüzdə ətarf mühitin qorunması istiqamətində ciddi addımların atılması zəruri hala gəlib:

“Bildiyimiz kimi 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Stokholm toplantısında iyunun 5-nin Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunması qərara alınıb. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb. Yəni il 30 ildir ki, dünyada 5 iyun Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd edilir.

19-cu əsrin sonlarında dünyada elmi-texniki tərəqqi, sənaye sürətlə inkişaf etməyə başladı. Əslində bəşəriyyət elmi-texniki nailiyyətilərin əksəriyyətini bu sürəcdə əldə edib. Amma sənayenin, kənd təsərrüfatının sürətli inkişafı ətraf mühitinin korlanmasına gətirib çıxardı. Artıq ekoloqlar həyəcan təbili çalır: insanların təbiətə yanaşması dəyişməsə, təbii ehtiyatlardan kor-koranə və bzi hallarda barbarca istifadə dayandırılmasa, bunun nəticələri çox ağır olacaq. Obrazlı desək, təbiətin intiqamı ağır olacaq.

Bu, əksər inkişaf emtiş ölkələrdə, inkişaf etməkdə olan ölkələrdə çoxillik ağaclaq, meşəliklər kənd təsərrüfatının genişlənməsinə qurban verilir. İri sənaye müəssisələri atmosferi həddindən artıq çirkləndirir. Okeanlara, çaylara sənaye və məişət tullantıları atılır. Bu tullantılar su hövzələrinin flora və faunasını məhv edir. Su ehtiyatlarının israfı quraqlığın, şoranlaşmanın, meşələrdə keçəlləşmənin yaranmasını sürətləndirir”.

QHT sədri deyib ki, problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışır:

“Problemin kəskinliyi əhali arasında ekoloji şüurun yüksəldilməsini zəruri edir. Azərbaycan da dediyimiz problemlərdən xali deyil. Son 30 ildə ölkəmizdə meşələrin məhv edilməsi, su resurslarından israfla istifadə geniş yayılıb. Artıq buna “dur” deməyin zamanı çatıb”.

Bununla belə Elman Cəfərli bildirib ki, son illər ölkəmizdə ətraf mühitin qorunması istiqamətində ciddi addımlar atılır:

“Sevindici haldır ki, Azərbaycanda da ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Son illər ölkəmizdə milli parkların yaradılması təqdir olunası addımlardır. İri qeyri-hökumət təşkilatları tərəfindən istər iri sənaye şəhərlərinin yerləşdiyi Abşeronda, istərsə də bölgələrdə vaxtaşırı yaşıllaşdırma aksiyaları keçirilir.

Bu istiqamətdə Heydər Əliyev Fondunun, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın gördüyü işlər təqdiralayiqdir. İDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda dəfələrlə ağacəkmə aksiyası təşkil olunub. Xəzər sahili ərazilər məişət tullantılarından təmizlənib, ictimai çimərliklər yaradılıb. Bakıda nümunəvi məhəllələrin salınması da Leyla xanımın təşəbbüsü ilə reallaşıb.

Ancaq bu iş tək bir- iki QHT-nin, fondun işi deyil. Cəmiyyət özü duyarlı olmalı, ətraf mühitin çirkləndirilməsinə biganə qalmamalıdır. Nümunvi məhəllələr salınır, ağaclar əkilir. Bu, çox yaxşıdır. Ancaq hər bir ağaca, kola qulluq göstərilməlidir. Bu, artıq könüllü işdir. Təbiət və onun nemətləri hamımızındır. Hər bir ağac nəfəsimizdir. Bu həqiqətləri hər bir vətəndaş- istər iş adamı olsun, istər inşaatçı olsun, hər kəs dərk etməlidir. Təbiət bəşər övladına qarşı əliaçıqdır, səxavətlidir. Ancaq istifadə etdiyimiz nemətlər tükənməz deyil.

Cəmiyyət olaraq canlı aləmə qarşı qayğıkeş olmalı, su resurslarına qənaət etməliyik. Hər damla həyatdır. Qlobal istiləşmə dövrünü yaşayırıq. Hər şey özümüzdən asılıdır. İstəsək nəfəsimiz olan yaşıllıqları qoruya, su resurslarının qurumasını önləyə, bu nemətlərin gələcək nəsillərə çatdırılmasına nail ola bilərik”.

Cebhe.info