Qohum evlilikləri qadağan olunur: Doğulan xəstə uşaqların sayı azalacaq?

Qohum evlilikləri qadağan olunur: Doğulan xəstə uşaqların sayı azalacaq?

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən layihə I oxunuşda təsdiqlənib.

Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.

– qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

– bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb.

Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

- övladlığa götürənlər və övladlığa götürülənlər;

- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

- bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Bildirək ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan 
uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Maraqlıdır, bu qanunun qəbulu irsi xəstəliklərin sayını azaldacaq?

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu tibbdə deyilən, amma 100 faiz təsdiqini tapmayan haldır:

"Respublikada bu qədər qohum evliliyi var və bu qohum evliliyinin içində müəyyən sayda xəstə uşaqlar dünyaya gəlir deyə, belə bir statistika mövcud deyil. Tibbdə deyilən, amma 100 faiz təsdiqini tapmayan haldır. Sadəcə deyilir ki, insanlar genetik göstəriciləri daha fərqli olan insanla evlənsin ki, uşaqlar sağlam olsun. Amma bu nəzəri prosesdir". 

Ekspertin fikrincə, yalnız qohum evliliklərindən deyil, digər evliliklərdən də sağlam olmayan uşaqlar dünyaya gələ bilir:

"Mütləq deyil ki, qohum evliliklərindən olan uşaqda xəstəlik olsun. Yaxud bu o demək deyil ki, yad genetikası olan şəxslərin evlənməsindən doğulan körpələr sağlam olacaq. Sadəcə hüceyrələrin uyğunsuzluğu məsələsi var, qohum olmayan şəxslərdə də bu uyğunsuzluq ola bilər”.

Onun sözlərinə görə, qan qohumları arasında bağlanmış nikahlar nəticəsində dünyaya gələn uşaqlarda ən çox rast gəlinən - sinir sisteminin, eşitmə qabiliyyətinin pozulması, dayaq və hərəkət aparatının pozulması, qan xəstəlikləri (talassemiya, hemofiliya və s.), anadangəlmə psixi və fiziki inkişafda çatışmazlıqlar, tənəffüs orqanlarının xəstəliyi (astma, sinəgir xəstəliyi, təngənəfəslik və s.) kimi xəstəliklərdir.

Naibə
"Cebhe.info"