Azərbaycanda ət buna görə ucuzlaşmır

Azərbaycanda ət buna görə ucuzlaşmır

2024-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.

Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin məhsulu üçün Gəncə şəhəri üzrə 63,2 hektar kənd təsərrüfatı bitkiləri əkilmiş, o cümlədən 29,0 hektarını arpa, 34,2 hektarını tərəvəz bitkiləri təşkil etmişdir. 2024-cü ilin may ayının 1-i vəziyyətinə təsərrüfatlarda 716 baş iribuynuzlu mal-qara (ondan 292 baş inək və camış), 1177 baş qoyun və keçi, 32 baş donuz mövcud olmuşdur. 

Gəncə şəhərində 2024-cü ilin yanvar-mart aylarında heyvandarlıq bölməsində 69,8 ton ət diri çəkidə, 156,7 ton süd, 280 min ədəd yumurta istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 36,4 ton və ya 2,1 dəfə, süd istehsalı 14,3 ton və ya 10,0 faiz, yumurta istehsalı 1 min ədəd və ya 0,4 faiz artmışdır. 2024-cü ilin yanvar-mart aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 1,3 milyon manat təşkil edib və heyvandarlıq məhsullarından ibarət olub. 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, göstərilən statistik rəqəmlər çox kiçikdir.

“Ət istehsalı mənbələrində istehsalın artımı təqdirəlayiq haldır. Lakin bu artım ümumi Azərbaycanın əsas ət istehsalında elə də ciddi rol oynaya bilməz. Burada söhbət 36 ton,37 ton hətta standart 50 ton ətin artımından gedir. Ancaq artım tempi Gəncə kimi böyük şəhəri tam təmin etməyə belə yetmir. O baxımdan, ölkə səviyyəsində ət istehsalının artımını təmin edə bilməz”. 

O vurğulayıb ki, ölkəmizin ətə tələbatı min tonlarladır:

“Ölkəmizinin ətə təlabatı olduqca yüksəkdir. Gəncə şəhərində ət istehsalı daxili bazara yetəcək səviyyədə deyil. 

O baxımdan digər bölgələrdə ət istehsalı artırılmalıdır”. 

Ekspert qeyd edib ki, ölkəmizdə ən çox heyvandarlığın inkişaf etdiyi zona Aran bölgələridir:

“Ən çox heyvan saxlanılan yer hazırda Aran rayonlarıdır. Lakin Aran zonalarında ət istehsalının artım tempi aşağıdır. Ümumiyyətlə, artım demək olar ki, yoxdur. Yəni bu göstəricinin daxili bazara təsir etmək imkanı yoxdur. Bu, çox cüzi artımdır”. 

O əlavə edib ki, heyvandarlığın inkişafı üçün heyvanların qidalanma xərcləri minimuma endirilməlidir:

“Heyvandarlığa ən çox zərər Rusiya-Ukrayna müharibəsindən sonra dəyib, yem məhsullarının qiyməti artıb. O səbəbdən ətin qiyməti artdı, heyvanların sayı isə azaldı. Ancaq heyvandarlığın növbəti illərdə inkişafını  istəyiriksə, qidalanma xərcləri ucuzlaşmalıdır”.

Həsən Məmmədov 
“Cebhe.info”