Varlıların sevdiyi sənəd: "Kasıbların bölməyə mülkü olmur" - MÜSAHİBƏ

Varlıların sevdiyi sənəd: "Kasıbların bölməyə mülkü olmur" - MÜSAHİBƏ

Son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanmaqla əmlak xarakterlidir.

Belə münaqişələrin əksəriyyəti isə boşanmalar zamanı meydana çıxır. Statistika göstərir ki,Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır.

Belə olan təqdirdə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilirlər. 

Azərbaycanın Ailə Məcəlləsində nikaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə olunur.

Mövzu ilə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənov "Cebheinfo.az"-ın suallarını cavablandırıb. 

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanda nikah müqavilələri bağlanır?

- Azərbaycanda nikah müqavilələri çox az hallarda bağlanır. Çünki bizdə nikah müqaviləsi, vəsiyyətnamə anlayışlarına pis baxırlar. Boşanma ehtimalını düşünmədikləri üçün nikah müqaviləsi bağlamaq istəmirlər. Nikah müqaviləsi islam ölkələrinə xas olub, lakin hazırda çox nadir hallarda bağlanılır.

- Nikah müqaviləsində tərəflər hər istədiklərini yaza bilir, yoxsa müqavilənin xüsusi bir forması var?

- Nikah müqaviləsində tərəflər qanuna zidd olmayan əmlak bölgüsü, övladlarla bağlı istədiklərini yaza bilərlər. Bizim ölkəmizdə olmasa da, xarici ölkələrdə nikah müqaviləsində boşanma səbəbləri ilə bağlı da ilkin məlumatlar yazıla bilir.

- Təcrübəyə görə, müqavilə ən çox birinci, yoxsa ikinci evliliklərdə baglanır?

- İkinci evliliklərdə nikah müqavilələrinə daha çox üstünlük verilir. Məsələn, varlı bir kişi, ikinci dəfə kasıb bir xanımla evlənirsə, bu zaman kişi əmlakını qorumaq üçün nikah müqaviləsi bağlayır.

- Bu günə kimi rast gəldiyiniz qeyri-adi müqavilənin şərti nə olub?

– Bu günə kimi qarşılaşdığım qeyri-adi nikah müqaviləsini qadın kişiyə imzalatdırıb. Nikah müqaviləsində boşandıqdan sonda kişinin bütün mülkünün qadına keçəcəyi, kişinin qadına əlavə ev alması əks olunub. Kişi də boşanma ehtimalını gözə almadığı üçün müqavilə ilə razılaşır.

- Daha çox kasıblar, yoxsa varlı şəxslər müqaviləyə meyilli olur?

- Əksər hallarda varlı şəxslər nikah müqaviləsinə müraciət edir. Çünki kasıb şəxslərin bölməyə mülkü olmur...

- Nikah müqaviləsini kişilər, yoxsa qadınlar daha çox tələb edir?

- Kişilər daha çox nikah müqaviləsi tələb edirlər. Çünki bəllidir ki, ümumi olaraq ölkədə daha çox gəliri kişilər qazanır. Düzdür, qadınlarda da rast gəlinir, amma üstünlük kişilərdədir.

Ləman İsmayıl
"Cebheinfo.az"