ABŞ-Ermənistan arasında “paslaşma”

ABŞ-Ermənistan arasında “paslaşma”

Ötən gün ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Söhbət zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.

Entoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib.

Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir.

Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib.

Qeyd edək ki, Laçın yolunda heç bir blokada olmamasına rəğmən, Avropa və ABŞ-dan bunun əksini söyləyən fikirlər eşidirik.

Görünür, ermənipərəst mövqe onlara gerçəkləri görməyə mane olur. Əslində hər hansısa blokadanın olmadığı göz önündədir. Bu, necə blokadadır ki, 1000-ə yaxın avtomobil həmin yoldan keçib. Hər gün yayımlanan kadrlar da hər hansısa “humanitar böhranın” və ya “blokadanın” olmadığının sübutudur.

Prezident İlham Əliyev də Entoni Blinkenə həqiqətləri deyərək, Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya bəyan etdi.

Azad Vətən Partiyasının sədri Akif Nağı Cebhe.info-ya açıqlamasında bildirib ki, Qərbin və ABŞ-ın ədalətsiz mövqeyini 30 il ərzində dəfələrlə görmüşük:

“1991-ci ildə Azərbaycan Çaykənd əməliyyatı keçirib, torpaqlarını erməni quldurlarından təmizləyəndə də ABŞ Konqresi ölkəmizə qarşı qətnamə qəbul etdi. Onlar guya Azərbaycan hökumətinin ermənilərə qarşı hansısa qeyri-qanuni hərəkətlər həyata keçirdiyini deyərək, ölkəmizi ittiham etdilər.

1992-ci ilin oktyabr ayında da Azərbaycanın torpaqları işğal altında olduğu və hər tərəfdən erməni təcavüzünə məruz qaldığı dövrdə ABŞ 907-ci düzəlişi qəbul etdi. Oradada blokada iddiası ilə Azərbaycanı ittiham etdilər.

1998-ci ildə isə ABŞ Konqresi dünya praktikasında olmayan bir cinayətə şərik çıxdı. Qarabağdakı qondarma rejiminə Konqres səviyyəsində maliyyə yardımı ayırmaqla bağlı qərar qəbul etdi. Hansı ki, ABŞ heç vaxt separatçı qurumlara rəsmi qaydada yardım etməmişdi. Amma Qarabağdakı ermənilərə bu istisnanı etdilər və indiyə kimi də onların ədalətsiz mövqeyi davam edir. Yəni bu ədalətsiz mövqeyi həmişə görmüşük”.

Partiya sədri əlavə edib ki, ABŞ və Qərb regiondakı mövqelərini və təsirlərini artırmağa çalışır:

“Həmçinin, Avropa İttifaqı da Ermənistana 200 nəfər müşahidəçi göndərməyə qərar verdi. Azərbaycan bunların hamısını görür və bilir.

Hesab edirəm ki, aksiyalar davam etdirilməlidir və Azərbaycanın da mövqeyi bundan ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyev də Entoni Blinkenə düzgün cavab verərək, faktları ortaya qoydu. 1000-ə yaxın minik maşını Laçın dəhlizindən keçibsə, bu, necə blokadadır? Burada hansı blokadadan söhbət gedir? Kadrlardan da görünür ki, ora ərzaq, tibbi ləvazimət və hər şey gedir.

üstəlik kim istəsə gəlib oradan keçə bilir. Sadəcə olaraq, azərbaycanlı ekofəalları və qeyri-hökumət təşkilatının nümayəndələri aksiya keçirir.

Özləri dünyaya car çəkirlər ki, aksiyaların keçirilməsinə istənilən hökumət şərait yaratmalıdır. Bir qrup fəal həmin ərazidə aksiya keçirmək üçün müraciət ediblər, Azərbaycan hökuməti də Azərbaycan qanunlarına və beynəlxalq normalara riayyət edərək, bunun üçün şərait yaradır. Həmçinin, aksiya iştirakçılarının təhlükəsizliyi təmin edilir”.

Akif Nağı vurğulayıb ki, Azərbaycan vətəndaşları Xankəndidə aksiya keçirə bilərlər:

“Azərbaycan vətəndaşları ölkənin istənilən ərazisində aksiya keçirə bilərlər. Hətta vətandaşlardan ibarət bir qrup Xankəndi istiqamətində yürüşlə aksiya keçirmək üçün müraciət edə bilərlər. Bu zaman Xankəndidə keçiriləcək aksiya üçün də hökumət şərait yaratmalıdır. Çünki Xankəndi də Azərbaycan ərazisidir və aksiya iştirakçılarının təhlükəsizliyi təmin edilməlidir.

Qərb dünyası prosesdən sui-istifadə etməyə çalışaraq, ədalətsiz mövqe tutur. Amma Azərbaycan axıra qədər dayanmalı və aksiyaların miqyası genişlənməlidir. Düşünürəm ki, aksiya iştirakçıları Xankəndi istiqamətində hərəkətə keçməlidirlər. Digər tərəfdən, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin bu cür təzyiq cəhdlərinin qarşısını Azərbaycan rəhbərliyi qətiyyətlə almalı və rədd etməlidir. Çünki bütün bu ittihamların heç bir əsası yoxdur”.

Elmir Mustafa
Cebhe.info