Azərbaycançılıq ideyasının qazandırdığı tarixi ZƏFƏR
İSTİQAMƏT: 6.3.9. azərbaycançılıq ideyasının təbliği
Azərbaycan çoxmillətli bir ölkədir. Buna baxmayaraq, Azərbaycanda heç bir zaman xalqların milli-mənəvi toqquşmasına rast gəlinməyib.
Ölkəmizdə yaşayan hər bir azsaylı xalqın nümayəndəsinə qarşı tolerant münasibət var. Xatırlatma üçün qeyd edək ki, Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Bu gün ölkədə yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, Şahdağ xalqları, ləzgilər, rutullar, malakanlar, ingiloylar, qaraçılar, aşşurlar, udilər, almanlar, ruslar yaşayırlar.
Onların dini, dili, mədəniyyəti dövlət tərəfindən ən yüksək səviyyədə qorunur. Hansı milli azlığı təmsil etməsindən asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşı kimi bərəbarhüquqludurlar. Bütün xalqlara dini, milli, mədəni adət-ənənələrinin qorunub saxlanılması üçün dövlət tərəfindən hər bir imkan yaradılıb. Ümumi olaraq, Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir. Bunu dəfələrlə beynəlxalq tribunalardan beynəlxalq nüfuzlu təşkilat rəhbərləri, ölkə başçıları səsləndirib. Eyni zamanda, Azərbaycanda bu dəyərlər dövlətin priorit məsələlərindən biridir.
Yəni bu məsələ daim dövlətin diqqətindədir. Bu birliyinin qorunub saxlanılması, inkişaf etdiriməsi isə azərbaycançılıq ideyalogiyası ilə bağlıdır. Azərbaycançılıq ideologiyası məhz bu amala xidmət edir. Azərbaycanda çoxsaylı xalqların sivil şəkildə birgə yaşamasının ən başlıca səbəbi ölkədə azərbaycançılıq ideyasının hər kəs tərəfindən qəbul edilməsidir. Müstəqil Azərbaycanda bu ideyanın banisi isə Ümummilli Lider Heydər Əliyevdir. Azərbaycan müstəqillik qazanandan sonra, 1995-ci ildə Heydər Əliyevin təklifi ilə azərbaycançılıq ideologiyası Azərbaycan Konstitusiyasına salınıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması ilə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqın milli birliyinin yaradılması ən aktual vəzifə kimi qarşıda dayanırdı.
Çünki həmin dövrün ortaya çıxartdığı çətinliklərin və problemlərin həlli, eləcə də, müstəqilliyin daha etibarlı şəkildə qorunmasının təmin edilməsi, milli dövlətçilik ənənələrinin bərqərar olması yalnız xalqın ideya birliyinin yaradılmasından asılı idi. Bunu üçün isə Azərbaycanda yaşayan bütün xalqların qəbul edəcəyi bir ideyaya ehtiyac duyulurdu. Bu ideya isə azərbaycançılıq ideologiyası oldu və bu gün də milli birliyin formalaşması, inkişafı məhz bunun sayəsindədir.
Bu ideologiyanın banisi Heydər Əliyev deyirdi: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".
Prezident İlham Əliyev də azərbaycançılıq ideologiyasının nə qədər vacib olduğunu dəfələrlə çıxışlarında vurğulayıb.
“Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”,-deyə Prezident İlham Əliyev çıxışlarının birində vurğulayıb.
Göründüyü kimi, azərbaycançılıq ideologiyası bu gün Azərbaycanda xalqın vahid birliyini formalaşdıran əsas amildir. Milli-mənəvi, xalq-dövlət məsələlərində bu ideya ətrafında birləşən Azərbaycan xalqı böyük bir güc ortaya qoyur. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər buna şahidlik etmiş oldu.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
“Cebheinfo.az”