Azərbaycanı inkişafa aparan yol
İSTİQAMƏT: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
XXI əsr texnologiya əsri hesab olunur. Demək olar ki, hər saniyə informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni kəşflər olur. Texnologiyanın sürətli inkişafı ilə bütün ölkələri bu sahədə təkminləşmə aparmağa bir növ vadar edir. Müasir texnologiyalardan kənarda qalmaq indiki dövrdə həm də digər sahələrdə inkişafın ləngiməsi deməkdir. Artıq dünya ölkələri də elektron hökumətə keçid edirlər. Azərbaycanda da bu təcrübə mövcuddur və bir çox inkişaf etmiş ölkələrin öyrənmək istədiyi “ASAN xidmət” modeli artıq 10 ildən çoxdur ki, fəaliyyət göstərir.
Qısa arayış üçün bildirək ki, "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hazırda 25 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, on səkkizi sə Azərbaycanın bölgələrindədir.
"ASAN xidmət"ə indiyə qədər 60 milyondan çox müraciət edilib. ASAN sözünün açılışı isə "Azerbaijan Service and Assessment Network", yəni Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsidir. Bu model özülüyündə texnologiyaların tətbiqini ehtiva edir. Eyni zamanda, Azərbaycan Elektron Hökumət platforması da fəaliyyət göstərir. Elektron hökumət termininin ehtiva etdiyi mənalar isə vətəndaş və onların hökuməti (C2G), hökumətlər və digər dövlət qurumları (G2G), hökumət və vətəndaşlar arasında (G2C), hökumət və işçilər arasında (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir.
Ümumiyyətlə, müasir texnologiyaların inkişaf etdiriməsi dövlətin də prioritetlərindən biridir. Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi "2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı", həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı", “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycan dövlətinin İKT-nin inkişafına diqqətlə yanaşdığını göstərir.
Prezident İlham Əliyev cari ilin may ayında müasir texnologiyaların inkişafı ilə bağlı atılan addımlara diqqət çəkmişdi.
“Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var, gələcək də məhz bu istiqamətdə inkişaf edəcək. Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq”,-deyə Prezident İlham Əliyev çıxışında bildirib.
Göründüyü kimi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi dövlətin birbaşa diqqətində olan məsələdir. Bu istiqamətdə lazımi qərarlar, sərəncamlar verilir, ardıcıl işlər aparılır. Artıq Azərbaycan bir çox sahələrdə, müdafiə sənayesində, ağır və yüngül sənayedə, o cümlədən təhsil, səhiyyə, sosial təminat sahələrində müasir texnologiyalar təbiq edilir. Bu baxımdan müasir texnologiyalarla işləməyi bacaran kadrlara da ciddi ehtiyac duyulur. Statistik rəqəmlərdə də görünür ki, bu gün bu istiqamətdə təhsil alanlar digər ixtisaslara üz tutanlarla nisbətdə çoxluq təşkil edir. Gələcəyin internetdən asılı olduğu artıq hər kəs tərəfindən etiraf olunur. Ona görə də müasir dünya ilə ayaqlaşmaq üçün informasiya və kommunikasiya texnologiyalarının inkişafına nail olmaq zəruri hesab olunur.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info