Gənclər siyasəti: Hədəflərə çatmaq üçün doğru siyasət
İSTİQAMƏT: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Sağlam gənclik həm də güclü dövlət deməkdir. Hər bir dövlətin, xalqın gələcəyi məhz gənc nəslin milli, mənəvi və fiziki səviyyəsindən asılıdır. Bu mənada dövlət gənclər siyasətini daim inkişaf etdirir və müxtəlif proqramlar icra edir. Dövlətin gənclərlə bağlı apardığı siyasətin, icra etdiyi proqramların uğurlu nəticələri 44 günlük Vətən müharibəsində özünü ən yüksək səviyyədə göstərdi.
Prezident İlham Əliyev Şuşada çıxış edərkən demişdi: “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.
Bu, dövlət üçün gənclər siyasəti hər zaman prioritet olduğunun bariz nümunəsidir. Eyni zamanda, daimi inkişaf üçün dövlət gənclər siyasətini yeniləyir və inkişaf etdirir. Çünki fiziki və mənəvi baxımdan yaxşı yetişmiş gənc dövlətin təhlükəsizliyi, müstəqilliyi, suverenliyi, inkişafı deməkdir. Bilikli, bacarıqlı, vətənpərvər, müasir dövrün tələbləri ilə uyğunlaşan kadrların yetişməsi üçün məhz bu məqama xüsusi diqqət ayrılmalıdır. Çünki bu günün uşağı, gənci gələcəyin dövlət qulluqçusu, təhsil, səhiyyə işçisi, hərbçisi, sahibkarıdır. Əslində bütün bu məsələlərdə bağçalar, orta məktəblər ən önəmli rolu üzərinə götürməlidir.
Çünki uşaqların ilkin yetişməsi məhz bu təhsil ocaqlarından başlayır. Bazası zəif olan uşaqların gələcəkdə uğurlu nəticələrə əlçatanlığı kifayət qədər çətin olur. Bu isə sağlam gəncliyin yetişməsində əsas maneələrdən biri hesab olunur. Bu baxımdan, dövlətin gənclər siyasəti ilə bağlı proqramlarında bağçalar və orta məktəblər xüsusi çəkiyə sahibdir. Bu məsələdə xüsusi aktiv olan digər tərəf isə qeyri-hökumət təşkilatlarıdır.
QHT-lər bu istiqamətdə zaman-zaman müxtəlif layihələr həyata keçirir, mərkəzlər yaradırlar. Bu gün də paytaxt Bakıda və regionlarda uşaqlarlarla bağlı sığınacaqlar, “Günərzi” və uşaqların inkişaf mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər əsasən uşaq hüquqlarının qorunması, eyni zamanda onların təhsildənkənar qalmaması, normal şəkildə yetişməsi üçün çalışırlar.
Doğrudur, bu sahədə müəyyən problemlər də var ki, zaman-zaman gündəmə gəlir. Xüsusilə də maliyyə problemlərinin olması ilə bağlı məqamlar bu mərkəzlərə rəhbərlik edən tərəfindən gündəmə gətirilir.
Onu da qeyd edək ki, dövlət bu istiqamətdə də QHT-lərə dəstək olur və hər il onlar üçün qrant müsabiqəsi təşkil edir və bu çərçivədə bu yöndə fəaliyyət göstərənlərə də vəsait ayırır.
Bütün işlər “Gənclər siyasəti haqqında” Qanun çərçivədə həyata keçirilir. Qanundan çıxarış belədir:
“Bu qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanuna görə, dövlətin gənclər siyasəti - gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemini əhatə edir. Bu qanun yaşı 14-dən 29-dək olan şəxslərə aiddir. Eyni zamanda, 35 yaşa qədər olan şəxslər də nikaha daxil olduqda, onlar gənc ailə statusuna sahib olur.
Digər tərəfdən, təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan gənclər də mövcud Qanun çərçivəsində “İsdedadlı gənclər” çərçivəsinə daxil olunur və dövlət qayğısı ilə əhatə olunur. Eyni zamanda, bu Qanuna görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək olan, əlilliyi olan, iş yeri və (və ya) qazancı olmayan və məcburi köçkün gənclər isə sosial müdafiəyə ehtiyacı olan gənclər hesab olunur.
Sonda onu da qeyd edək ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci ilin 9 aprelində qəbul edilib. Dövlət tərəfindən bu günə qədər isə “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramlar icra olunub. Hazırda isə 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası çərçivəsində işlər davam etdirilir.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
“Cebheinfo.az”